ÜÇLƏMƏ İNANCI XRİSTİANLAR ÜÇÜN NƏ İFADƏ EDİR?

Xristian dini Fələstində yaşayan yəhudilər arasında yaranmışdır. Hz. İsanın (ə.s) yanında olan və ona inanan insanların çoxunun yaxınları yəhudi idi və hz. Musanın (ə.s) şəriətinə uyğun yaşayırdılar. Yəhudiliyin ən əsas xüsusiyyəti isə Allah'a bir və tək olaraq iman gətirmək idi.

Lakin sonrakı bölmələrdə daha ətraflı görəcəyimiz kimi, xristianlıq dini hz. İsanın (ə.s) Allah Qatına alınması və yəhudilərin dünyasından çıxıb bütpərəst dünyaya doğru yayılmasından sonra dəyişməyə başladı. Hz. Musanın (ə.s) şəriətinin təməli hesab edilən tovhid inancı böyük dəyişikliyə məruz qaldı. Hz. İsa (ə.s) üçləmə inancına görə ilah olaraq görülməyə başlandı. (Bu bölmədə üçləmə inancını təsvir etmək məqsədilə istifadə edəcəyimiz bütün batil ifadələrdən Allah'ı tənzih edirik.)

Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allah'dan bir nur və açıq-aydın bir Kitab gəldi. (Maidə surəsi, 15)

Allah, Onun rizasını arayan şəxsləri əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 16)

"Üçləmə" inancı bu dövrdən sonra ortaya çıxdı. Bu anlayış, "Ata, Oğul və Müqəddəs Ruh"dan meydana gəlmiş üçlü bir Allah inancı mənasında istifadə edilir. Üçləmə inancı ənənəvi xristianlıq dininin ən vacib imani şərtlərindəndir. Sonsuz güc və qüdrət sahibi olan Rəbbimizə bir və tək olaraq iman gətirməyi hədəfləyən tovhid inancı ilə tamamilə ziddiyyət təşkil edən bu yanlış inancı bu maddələrlə təyin etmək mümkündür:

• Üçləmə inancına görə Allah, "Üçlü birlik" anlayışı ilə Özünü üç şəxsiyyət olaraq göstərmişdir və Ata-Oğul-Müqəddəs Ruh eyni şeydir. Bu inanc bu cümlələrdə özünü əks etdirir: "Ata, Oğul, Müqəddəs Ruh tək olan Tanrının Özüdür", "Tanrı Ata, Oğul və Müqəddəs Ruh olaraq mövcuddur"... Ağıla və məntiqə zidd olan bu yanlış inanca görə üçləmə inancındakı üç şəxsin hər biri Allah'dır, buna görə də eyni güc və səlahiyyətlərə malikdirlər. (Allah'ı tənzih edirik.)

• Hz. İsanın (ə.s) Allah'ın oğlu olduğuna inanırlar. Bu yanlış inanca görə hz. İsa (ə.s) Allah ilə eyni zata malikdir. Bu inancı homoousnius adlandırırlar və "Ata ilə Oğlun eyni zatdan, cövhərdən meydana gəldiyini" iddia edirlər.

• Hz. İsanın (ə.s) yaradılmadığına, Allah'ın oğlu olaraq sonsuzluqdan gəldiyinə inanılır. Bu yanlış inanca görə hz. İsa (ə.s) insanların qurtuluşu üçün göydən enmişdir. Bu inancı inkarnasiya (sonsuzluq, ölümsüzlük və s.) adlandırırlar.

Üçləmə inancı sonsuz güc və qüdrət sahibi olan Rəbbimizi batil ənənələrlə tanıyan, Allah'ın insanlara peyğəmbər olaraq göndərdiyi hz. İsaya (ə.s) ilahlıq vəsfi verən yanlış bir inancdır. Lakin içərisində bir çox ziddiyyətlər olmasına və tovhid inancına tamamilə əks olmasına baxmayaraq, xristian inanclarında çox vacib yeri var. Buna görə də üçləmə inancında hz. İsanın (ə.s) Allah'ın oğlu olduğuna inanmayan bir insan üçləmə inancını müdafiə edənlər tərəfindən əsl xristian kimi qəbul edilmir. Maraqlı bir xüsusiyyət də, tarix boyu üçləmə inancına qarşı çıxıb, hz. İsanın (ə.s) yalnız Allah'ın peyğəmbəri olaraq bir bəşər olduğunu müdafiə edən müxtəlif insan və cəmiyyətlərin şiddətli təzyiqlərə məruz qalmalarıdır. Bu insanların İncildən və hz. İsanın (ə.s) həyatından göstərdikləri dəlillər həmişə qulaq ardına vurulmuş, insanların bu mövzularda danışmağına qadağa qoyulmuşdur. Sonrakı bölmələrdə daha ətraflı araşdıracağımız sözü gedən tovhid inancı sahibləri hz. İsanın (ə.s) Allah'ın oğlu olduğunu söyləyənlərə şiddətlə qarşı çıxmış, bunun açıqca "Allah'a şirk qoşmaq" olduğunu söyləmişdilər. Buna görə də əsrlər boyu "kafir", "azğın" (heretik) və hətta "din düşməni" olaraq tanıdılmış və onlara dəstək verənlər də eyni reaksiyalarla qarşılaşmışlar. Bəziləri yurdlarından çıxarılmış, bəziləri də inkvizisiya məhkəmələri tərəfindən yandırılaraq öldürülmüş və ya asılmışdılar. Bu reaksiyalar üçləmə inancının əleyhdarlarının artmalarına və fikirlərinin yaymalarına maneə törətmişdir. Ancaq üçləmə inancının müdafiəçiləri həmişə çoxluq təşkil etmişdir. Mövzunu qərəzsiz araşdıranlar belə, həqiqi xristianlıq dininin tarix boyu təzyiq altında olan muvahhid (tovhidə inanan) xristianlıq dini olduğunu təsbit edirlər. Xüsusilə də 18-ci əsrdə başlayan müstəqil Kitab-i Müqəddəs araşdırmalarının böyük bir hissəsində üçləmə, kəffarə və buna bənzər inancların xristianlığın müqəddəs kitablarında bildirilmədiyi nəticəsinə gəlinmişdir.

Bu tarixi dəlillərin nəticəsində indiki dövrdə bəzi xristian məzhəblər üçləmə inancını rədd edirlər. Məsələn, dünyanın hər tərəfində kilsələri olan Üniteryen Kilsəsi üçləmə inancını qəbul etməyən çox böyük bir xristian cəmiyyətidir. Bu kimi camaatlar (aralarında müxtəlif fikir fərqi olsa da) hz. İsanın (ə.s) Allah'ın oğlu olduğunu qəbul etmir, həqiqi xristianlığın bir və tək olaraq Allah'a iman gətirməyi əmr etdiyini söyləyirlər. Bir çoxları da hz. İsanın (ə.s) bütün insanların günahlarına kəffarə olaraq çarmıxa çəkildiyi haqqındakı iddiaların yanlış olduğunu vurğulayırlar. İndiki dövrdə üçləmə inancının əleyhdarları olan xristianlarla fərqli adlar altında və fərqli kilsələrlə qarşılaşmaq mümkündür. Xüsusilə də Amerikada "üçləmə inancının əleyhdarları" zaman keçdikcə daha da güclənir və xristian dünyasında həqiqətləri açıq-aydın dilə gətirənlərin sayı sürətlə artır. Bunlar arasında "The Worldwide Church Of God" xüsusilə diqqəti çəkir. Bu kilsəni quran Herbert W. Armstron, üçləmə inancının bütpərəst mədəniyyətlərinin təsiri ilə ortaya çıxan batil inanc olduğunu müdafiə edir.

Digər tərəfdən, bəzi xristian kilsələrində üçləmə inancının əleyhinə olan fikirlər ortaya çıxmış, lakin bunlar da ört-basdır edilmişdir. Məsələn, Şimali Amerikada 19-cu əsrdə meydana gələn Seventh Day Adventist hərəkatı "Ariusçu" bir təməl üzərində qurulmuş və hərəkatın qurucuları isə üçləmə inancını rədd etmişdilər. (Arius, sonrakı bölmələrdə araşdıracağımız, üçləmə inancı və hz. İsaya (ə.s) aid edilən ilahlıq iddiasını rədd edən, 3-cü əsrdə yaşamış xristian din adamıdır.) Ancaq digər xristian kilsələrinin Seventh Day Adventist məzhəbinə etdikləri "xristianlıqdan azma" günahlandırmaları Ariusçu inancının tərk edilməsinə və bunun yerinə üçləmə inancının qəbul edilməsinə gətirib çıxarmışdır. Bu qəribə çevriliş bu gün həmin kilsənin mənsubları tərəfindən də qəbul edilir.

Bu mövzuda ən çox diqqət edilməsi lazım olan xüsusiyyətlərdən biri, üçləmə inancına Kitab-i Müqəddəsin heç bir bölməsində rast gəlinə bilməməsidir. Nə yəhudilərin müqəddəs kitabları olan Köhnə Əhitdə, nə də xristianların müqəddəs kitabı olan İncildə bu inancdan bəhs edilmir. Üçləmə inancı İncildə olan bəzi ifadələrin yanlış izahlarına əsaslanır və bu söz ilk dəfə 2-ci əsrin sonlarında antakyalı Theophilus tərəfindən istifadə edilmişdir. Sözügedən bu inancın qəbul edilməsi isə xeyli müddətdən sonra reallaşmışdır. Buna görə də Kitab-i Müqəddəs araşdırmaçıları və üçləmə əleyhdarları xüsusilə "Əgər bu inanc həqiqətən doğru olsaydı, hz. İsanın (ə.s) bu mövzunu bütün təfərrüatı ilə insanlara izah etməyi lazım deyildimi? Üçləmə inancı Müqəddəs Kitabda açıq ifadələrlə mövcud olmalı deyildimi?" sualları üzərində cəmləşirlər. Onların bu suallara verdikləri cavab isə açıqdır: İncildə açıq-aydın göstərilməyən, buna görə də ilk xristianlar tərəfindən bilinməyən bir inanc xristianlığın təməli ola bilməz. Bu hz. İsanın (ə.s) ardınca formalaşan Yunan mədəniyyətinin təsiri ilə meydana gələn bir yanılmadır.