HZ. İSANIN (Ə.S) ATASIZ DÜNYAYA GƏLMƏSİ

Rəbbimizin hz. İsada (ə.s) təcəlli etdirdiyi ən böyük möcüzələrdən biri, hz. Məryəmin (ə.s) ona hamilə qalmasıdır. Quranda bu mövzu ilə bağlı bir çox ətraflı məlumat verilir. "Məryəm" surəsində Cəbrayılın hz. Məryəmə (ə.s) görünməsi belə bildirilir:

Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən (ayrılıb) şərq tərəfdə olan bir yerə çəkilmiş və (ibadət vaxtı) onlardan (gizlənmək üçün) pərdə tutmuşdu. Biz Öz Ruhumuzu (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında tam insan surətində peyda oldu. (Məryəm surəsi, 16-17)

Yuxarıda göstərilən ayələrdə bildirildiyi kimi, hz. Məryəm (ə.s) şərq ölkələrindən birinə çəkilmiş və həyatının bir hissəsini burada keçirmişdir. Cəbrayıl ona bu dövrdə bir insan şəklində görünmüşdür. Ayələrdə diqqət çəkilən başqa vacib məqam isə hz. Məryəmin (ə.s) iffəti və güclü Allah qorxusudur. Hz. Məryəmin (ə.s) Cəbrayılı gördükdə söylədiyi ilk sözlər belədir:

(Məryəm) dedi: "Mən səndən ər-Rəhmana sığınıram! Əgər müttəqisənsə, (mənə toxunma)". (Məryəm surəsi, 18)

Cəbrayıl hz. Məryəmə (ə.s) özünü tanıtmış və yalnız Allahın elçisi olduğunu və ona Allah'dan bir müjdə ilə gəldiyini bildirmişdir. Ayələrdə Cəbrayılın verdiyi cavab belə bildirilir:

(Mələk) dedi: "Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm". (Məryəm surəsi, 19)

O zaman mələklər dedilər: "Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlimə ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və (Allah'a) yaxınlaşdırılmışlardan olacaqdır. (Ali-İmran surəsi, 45)

Bu vacib müjdəni alan hz. Məryəm (ə.s) özünə başqa bir insan toxunmadığı halda, uşağının necə ola biləcəyini anlamaq üçün Cəbrayıla bu sualı vermişdir:

(Məryəm) dedi: "Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?" (Mələk) dedi: «Elədir, lakin Rəbbin buyurdu: "Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. (Bu,) hökmü verilmiş bir işdir"». (Məryəm) uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi. (Məryəm surəsi, 20- 22)

(Məryəm) dedi: "Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda, necə övladım ola bilər?" (Allah) dedi: "Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq "Ol!"– deyir, o da olur". (Ali-İmran surəsi, 47)

Yuxarıda göstərdiyimiz ayələrdə də göründüyü kimi, Cəbrayıl hz. Məryəmə (ə.s) hamilə qaldığını müjdələmiş və "Allah'ın 'Ol' deməsi ilə bunun dərhal ola biləcəyini" xəbər vermişdir. Hz. Məryəmə (ə.s) heç bir insan əli dəyməmişdir, yəni hz. İsa (ə.s) dünya həyatındakı səbəblərdən asılı olmadan atasız dünyaya gəlmişdir. Bu, Allah'ın bir lütfü olaraq hz. İsanın (ə.s) bütün həyatı boyu yaşadığı və dünyaya ikinci dəfə gəlməsi ilə yaşayacağı möcüzələrdən yalnız biridir.

Cəbrayılın ona hamilə qaldığını müjdələməsindən sonra hz. Məryəm (ə.s) kimsəsiz bir yerə çəkilmişdir. Allah bu dövrdə də hz. Məryəmi (ə.s) hər tərəfdən dəstəkləmiş, onu Öz qoruması altına almışdır. Bir insanın hamiləlik dövrü boyu həm psixoloji, həm də fiziki baxımdan ehtiyacı ola biləcək hər cür dəstək və imkanı Allah onun üçün yaratmışdır. Onu kimsəsiz bir yerə yerləşdirərək, bu möcüzəni qavraya bilməyəcək insanların maddi və mənəvi baxımdan verə biləcəkləri hər cür narahatlığın da qarşısını almışdır.