HZ. ADƏMİN TORPAQDAN YARADILMASI

Hz. İsanın (ə.s) möcüzəvi şəkildə anadan olmasının üçləmə inancının əsas dayaqlarından biri olaraq istifadə edilməsini qeyri-mümkün edən dəlillərdən biri hz. Adəm və hz. Yəhyanın dünyaya gəlişinin də qeyri-adi olmasıdır. Quran ayələrində hz. Adəmin də möcüzəvi şəkildə yaradılışı xəbər verilir. "Hicr" surəsində belə bildirilir:

Bir zaman Rəbbin mələklərə dedi: "Mən başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən insan yaradacağam! Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!" (Hicr surəsi, 28-29)

Ayədə bildirilən həqiqət qeyri-adi bir yaradılışa işarə edir. Hz. Adəm anası və atası olmadan, "quru bir palçıqdan, surət verilmiş torpaqdan" yaradılmışdır. Torpaqdan yaradılış ilə bağlı digər ayələr belədir:

Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək... (Həcc surəsi, 5)

(Allah'ın) sizi torpaqdan xəlq etməsi, Onun dəlillərindəndir. Sonra da siz bir insan kimi (yer üzünə) yayıldınız. (Rum surəsi, 20)


Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır. (Fatir surəsi, 11)

Quranda hz. Adəm ilə bağlı olaraq verilən başqa vacib məlumat isə hz. İsanın (ə.s) yaradılışı ilə olan bənzərlikdir:

Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. (Allah) onu torpaqdan yaratdı, sonra isə ona "Ol!"– dedi, o da oldu. Haqq sənin Rəbbindəndir. Elə isə heç vaxt şübhə edənlərdən olma. (Ali- İmran surəsi, 59-60)

Yuxarıdakı ayədə Allah hz. Adəmlə hz. İsanın (ə.s) bənzər şəkildə yaradıldıqlarını bildirir. Daha əvvəl də vurğuladığımız kimi, hz. Adəm atası olmadan yalnız Allah'ın "Ol" deməsi ilə torpaqdan yaradılmışdır. Hz. İsa (ə.s) da atası olmadan Allah'ın "Ol" əmri ilə yaradılmışdır. Eyni ayənin davamında isə insanlara bu həqiqətin Rəbbimizdən olduğu xəbər verilir, bu mövzuya şübhə etməməyin lazım olduğu xatırladılır. Buna görə də bu böyük həqiqəti hamı görməli və hz. İsanın (ə.s) da eyni hz. Adəm kimi Allah'ın yaratdığı bir qul, Allah'a möhtac bir insan olduğu qəbul edilməlidir.