"Nisa" surəsinin 159-cu ayəsi hz. İsanın (ə.s) ikinci dəfə dünyaya gəlməsini müjdələyən ayələrdən biridir. Ayədə belə bildirilir:
Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır. (Nisa surəsi, 159)
Bir çox təfsir aliminin təsdiqi ilə ayədə bildirilən "kablə məvtihi", yəni "ölümündən əvvəl" ifadəsindəki "o" əvəzliyinin hz. İsaya (ə.s) işarə etdiyi qəbul edilib. Ərəb dilinin qrammatikasında da buradakı "o" əvəzliyinin hz. İsaya (ə.s) işarə etdiyi bildirilir. Quranda Kitab Əhli ilə bağlı bütün ayələrdə çoxluğu bildirən "hum" sözü istifadə edilmişdir. (Bəyyinə surəsi, 1 və 6; Hədid surəsi, 29; Həşr surəsi 2-də olduğu kimi). Bu ayədə isə təkliyi ifadə edən "hu" sözü istifadə edilmişdir. Bu halda ayədə hz. İsanın (ə.s) ölümündən (yəni yer üzünə ikinci dəfə gəlib bioloji olaraq ölümündən) əvvəl Kitab Əhlinin ona inanması bildirilir. (Ən doğrusunu Allah bilir.) Ayədə keçən
"Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır." cümləsi də "o" əvəzliyinin hz. İsaya (ə.s) işarə edildiyinin başqa bir dəlilidir. Bu halda ayənin təfsiri "hz. İsa (ə.s) gəldiyi zaman, Kitab Əhlindən ona iman gətirməyən heç kim qalmayacaq" şəklindədir. Bu da hz. İsanın (ə.s) yenidən dünyaya qayıdacağına və onun rəhbərliyi altında həqiqi din əxlaqının bütün dünyaya hakim olacağına işarədir. (Ən doğrusunu Allah bilir.) Allah Quranda bütün peyğəmbərlərin və elçilərin göndərildikləri cəmiyyət üçün axirət günündə şahidlik edəcəklərini bildirmişdir:
Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman. (Mürsəlat surəsi, 11)
Rəbbimiz, peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) də öz cəmiyyəti üçün şahidlik edəcəyini bildirmişdir:
Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman (onların halı) necə olacaq? (Nisa surəsi, 41)
Ancaq hz. İsadan (ə.s) başqa heç bir peyğəmbər haqqında "ölmədən əvvəl ona inanmayacaq kimsə yoxdur" deyə məlumat verilməmişdir. Həm də Quranda hz. İsadan (ə.s) əvvəl gələn və Kitab Əhlinin də iman gətirdiyi heç bir peyğəmbər haqqında belə ifadə istifadə edilməmişdir. Hz. İbrahim (ə.s), hz. Süleyman (ə.s), hz. Davud (ə.s), hz. Musa (ə.s), hz. Yusuf (ə.s), hz. Yaqub (ə.s) haqqında da buna bənzər izah verilməmişdir. Əgər Kitab Əhlindən hər bir insanın öz ölümündən əvvəl hz. İsaya (ə.s) iman gətirməsi bildirilsəydi (belə olmadığı açıq-aydın görünür), bu halda buna bənzər bir ifadə Kitab Əhlinə gəlmiş digər peyğəmbərlər üçün də bildirilərdi. Halbuki, bu ifadə yalnız hz. İsa (ə.s) üçün istifadə edilir. Bu da hz. İsanın (ə.s) fərqli xüsusiyyətinin olmasına işarə edilən vacib dəlillərdən biridir. (Ən doğrusunu Allah bilir).

Göründüyü kimi, "ölümündən əvvəl" ifadəsinin işarə etdiyi insanın hz. İsa (ə.s) olduğu çox açıqdır. Bəzi insanların iddia etdiyi kimi, ayənin "Kitab Əhlindən hər bir adamın özünə ölüm gəlmədən əvvəl hz. İsaya (ə.s) inanması" şəklində təfsir edilməsi isə mümkün deyil. Hz. İsa (ə.s) dövründə Kitab Əhli olan yəhudilər onu öldürməyə cəhd etmişdilər. Onlar daha sonra onun öldüyünü zənn edib inkarlarını davam etdirmişdilər. Bütün bu məlumatlarla yanaşı ayədə bildirilən xəbərlər belədir:
Hz. İsa (ə.s) yer üzünə ikinci dəfə gələcək, hər insan kimi yaşayıb öləcək. Hz. İsa (ə.s) yenidən gəldikdə bütün Kitab Əhli onu tanıyacaq, ona yaşayarkən itaət edəcək və hz. İsa (ə.s) da onlar üçün axirətdə şahidlik edəcək. (Ən doğrusunu Allah bilir). İslam alimlərinin böyük əksəriyyətinin də qənaəti belədir. Səhabələrdən Əbu Hureyrə və İbn Abbas bu ayənin hz. İsanın (ə.s) yenidən gəlişinə dəlil olduğunu ifadə etmişdir. Kurtubi ayəni belə izah etmişdir:
Qiyamət əlamətləri yaxınlaşdıqda, hz. İsa (ə.s) diri olaraq göydən yer üzünə endiyi zamanda Əhli Kitabdan həyatda olan hər kəs ona inanacaq. Yer üzündə yalnız İslam milləti qalacaq.
Taberi təfsirində isə həmin ayə belə təfsir edilmişdir:
Əhli Kitabdan hər bir insan hz. İsanın (ə.s) ölümündən əvvəl o, Dəccalı öldürmək üçün yer üzünə endikdə ona iman gətirəcək. O zaman bütün millətlər İslam adı altında tək bir millətə çevriləcək.
Halil Herras da bu mövzuya dair verdiyi izahında Taberinin təfsirinin doğru olduğunu ifadə etmiş və "Nisa" surəsinin 159-cu ayəsinin hz. İsanın (ə.s) yenidən dünyaya gəlişinə dəlil olduğunu belə açıqlamışdır:
Ayədə keçən "o" əvəzliyi hz. İsaya (ə.s) işarə edir. O endiyi zaman həmin dövrdə mövcud olan Əhli Kitabdan hər bir insan hz. İsaya (ə.s) iman gətirəcək, onu təsdiqləyəcək və din olaraq ancaq İslamı qəbul edəcəklər... Hz. İsa (ə.s) yer üzünə endikdə Əhli Kitab ona inanacaq. ..