HZ. İSANIN (Ə.S) BEŞİKDƏ DANIŞMASI
İsmətini qoruyan (Məryəmi də yada sal!) Biz Öz ruhumuzdan (Cəbrail vasitəsilə) ona üfürdük, onu və onun oğlunu aləmlərə bir möcüzə etdik. (Ənbiya surəsi, 91)
Allah'ın hz. Məryəmin qövmünü imtahan etdiyi hadisələrdən biri də hz. İsanın (ə.s) dünyaya gəlməsidir. Allah'ın insanların vərdiş etmədiyi bir şəkildə reallaşdırdığı bu doğum həm qövmü, həm də hz. Məryəm (ə.s) üçün bir imtahan idi. Əslində hz. İsanın (ə.s) dünyaya gəlməsi Allah'ın insanları imana çağırmaq üçün onlara göstərdiyi bir möcüzədir və Allah'ın varlığının açıq-aşkar dəlillərindən biridir. Ancaq qövmü bu vəziyyəti anlaya bilməmiş və hz. Məryəm (ə.s) haqqında həqiqətlə uzlaşmayan zənnə qapılmışdılar. Bu mövzu Quranda belə xəbər verilir:
(Məryəm) körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər: "Ey Məryəm! Sən yaramaz (və ya görünməmiş) bir iş tutmusan. Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi". (Məryəm surəsi, 27-28)
Yuxarıdakı ayələrdə bildirildiyi kimi, hz. Məryəm (ə.s) daha əvvəl yaşadığı kimsəsiz yerdən hz. İsa (ə.s) ilə birlikdə qövmünün yanına gəldikdə ona danışma fürsəti verilməmişdi. Qövmü yalnız zənn və təxminlərlə hz. Məryəmə (ə.s) bəzi çirkin böhtanlar atmışdılar. Halbuki, bu böhtanları atan qövmün insanları hz. Məryəmi (ə.s) dünyaya gəldiyi gündən bəri tanıyır və həm onun, həm də İmran ailəsinin Allah'a çox bağlı və dindar insanlar olduqlarını çox yaxşı bilirdilər.
Hz. Məryəm (ə.s) isə əslində bu böhtanlarla imtahan edilirdi. Allah'a könüldən bağlı və iffətinə çox düşkün bir insanın əsla Allah'ın sərhədlərini aşmayacağı aydındır. Ancaq buna baxmayaraq, özünə çirkin böhtanlar atılması onun üçün Allah'ın yaratdığı bir imtahan idi. Allah dünyaya gəldiyi andan etibarən ona hər zaman, hər işində kömək etmişdi. Hz. Məryəm (ə.s) isə hər işin Allah'ın nəzarəti altında olduğunu heç unutmur və bu əsassız böhtanlardan onu yenə Allah'ın qurtarıb təmizə çıxaracağını bilirdi.
Belə ki, Allah bu işində də hz. Məryəmə (ə.s) kömək etmiş və ona "susmaq orucu" tutmasını vəhy etmişdi. Qövmü onunla danışmaq istədikdə Allah hz. Məryəmə (ə.s) susmasını və onu günahlandıranlara hz. İsanı (ə.s) işarə etməsini bildirdi. Beləcə hz. Məryəm (ə.s) Allah'dan kömək olaraq ona çətinlik yarada biləcək danışıqdan uzaq dururdu. Qövmünün suallarını ən doğru şəkildə cavablandıra biləcək şəxs isə hz. İsa (ə.s) idi. Allah hz. Məryəmə (ə.s) hz. İsanın (ə.s) doğumunu müjdələdiyi zaman onun hələ beşikdəki bir körpə olarkən danışacağını da bildirmişdi:
O, (həm) beşikdə ikən, (həm də) yetkin çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır". (Ali-İmran surəsi, 46)
Beləliklə, Allah hz. Məryəmin (ə.s) işini çox asanlaşdırmış və qövmünə ən doğru açıqlamanı da hz. İsa (ə.s) vasitəsilə etdirmişdi. Allah'ın belə bir möcüzə yaratması ilə qövmünün hz. Məryəmə (ə.s) atdığı böhtanlar da öz təsirini itirirdi. Bu hadisə Quranda belə xəbər verilir:
(Məryəm) ona işarə etdi. Onlar dedilər: "Beşikdə olan körpə ilə necə danışaq?"(Körpə) (dil) (açıb) dedi: "Həqiqətən də, mən Allah'ın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi. Həm də (məni) anama qarşı qayğıkeş (etdi). Məni lovğa və bədbəxt etmədi. Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!"(Məryəm surəsi, 29-33)
Şübhəsiz ki, beşikdəki bir uşağın qüsursuz danışması çox böyük bir möcüzədir. Hətta hz. İsanın (ə.s) dünyaya gəldiyi andan etibarən bir uşağın əsla bilməyəcəyi məlumatları bilməsi də heyran edicidir. Bu vəziyyət İsrail oğullarına qeyri-adi bir həqiqətlə qarşı-qarşıya olduqlarını göstərmişdir. Bütün bu möcüzəvi hadisələr beşikdəki bu mübarək uşağın Allah'ın elçisi olduğunu göstərmişdi. Məhz, Allah Özünə yönəlib qarşılaşdığı hər hadisədə Allah'a təvəkkül etməsinə görə hz. Məryəmə (ə.s) rəhm etmişdir. Bütün qövmü heyrətləndirəcək böyük bir möcüzə göstərərək qövmünün ona atmaq istədiyi böhtanların qarşısını almışdır. Allah onlara göstərilən bu möcüzəvi hadisəyə baxmayaraq, hələ də hz. Məryəmə (ə.s) böhtan atmağa davam edənlərə onları böyük bir əzabın gözlədiyini bildirmişdir:
Onlar (həm də) küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə, bir də: "Həqiqətən, biz Allah'ın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!"– dediklərinə görə (lənətə düçar edildilər.)... (Nisa surəsi, 156-157)