GİRİŞ

Hz. İsanın (ə.s) dünyaya gəlişindən Allah Qatına yüksəlməsinə, yer üzünə təkrar qayıtmasından həqiqi ölümünə qədər həyatının bir çox mərhələsi Quranda açıqlanmışdır.

Hz. İsa yaşadığımız dövrdən təxminən 2000 il əvvəl yaşamış, Allah’ın dünyada və axirətdə seçdiyi elçisidir. Ona vəhy edilən haqq din bu gün qismən yer üzündə yayılmış olsa da, əslində bir çox dəyişikliyə məruz qalmışdır. Allah’dan vəhylə aldığı haqq kitab da eyni şəkildə əslindən xeyli dəyişdirilmişdir. Xristian qaynaqları müxtəlif dəyişikliyə məruz qalmış və təhrif edilmişdir. Buna görə də indiki dövrdə hz. İsa (ə.s) ilə bağlı ən doğru məlumatları bu qaynaqlardan almağımız mümkün deyil.
Hz. İsa (ə.s) haqqında doğru məlumatı əldə edəcəyimiz yeganə qaynaq, Allah’ın qiyamətə qədər qoruyacağını vəd etdiyi Quran və hədislərdir. Quranda hz. İsanın (ə.s) doğumu, həyatı, yaşadığı müddətdə qarşılaşdığı hadisələrdən nümunələr, ətrafındakı insanların vəziyyəti və daha bir çox mövzudan bəhs edilmişdir. Hətta hz. İsanın (ə.s) dünyaya gəlişindən əvvəl anası hz. Məryəmin (ə.s) həyatı, möcüzəvi şəkildə hamilə olması, dünyaya uşaq gətirməsi və bu vəziyyət qarşısında necə imtahan olunması kimi bir çox mövzu da yenə ayələrlə bildirilmişdir. Hətta Quranda hz. İsanın (ə.s) axırzamanda ikinci dəfə dünyaya gələcəyinə işarə edən ayələr də var. Bu bölmədə hz. İsa (ə.s) haqqında Quranda bildirilən məlumatları açıqlayacağıq.

HZ. MƏRYƏMİN (Ə.S) DÜNYAYA GƏLMƏSİ VƏ BÖYÜMƏSİ


Hz. İsanı (ə.s) dünyaya gətirmək üçün seçilmiş hz. Məryəm (ə.s) qarışıqlıqların hökm sürdüyü və yəhudilərin bütün ümidlərini Məsihin (Qurtarıcı) gəlməsinə bağladıqları bir dövrdə dünyaya gəlmişdi. Allah hz. Məryəmi (ə.s) bu müqəddəs vəzifə üçün xüsusi olaraq seçmişdi. Hz. Məryəm (ə.s) Allah’ın aləmlər içində seçib üstün qıldığı bir nəsildən, yəni İmran ailəsindən gəlirdi.

İmran ailəsi Allah’a könüldən iman gətirən, hər işlərində Ona yönələn və Onun qoyduğu sərhədləri diqqətlə qoruyan, ətrafında da bu üstün xüsusiyyətləri ilə tanınan bir ailə idi. İmranın həyat yoldaşı hz. Məryəmə (ə.s) hamilə qaldığını öyrəndiyi zaman dərhal Allah’a yönəlib dua etmiş və dünyaya gətirəcəyi uşağı Allah’a həsr etmişdi. Bu mövzu Quranda belə bildirilir:

Bir zaman İmranın arvadı demişdi: “Ey Rəbbim! Mən bətnimdəkini Sənə qul olmaq üçün nəzir etdim. Məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən”. Ondan azad olduğu zaman demişdi: “Ey Rəbbim! Mənim qızım oldu” – Allah onun nə doğduğunu daha yaxşı bilirdi, – “axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan (qorunmağı) Sənə həvalə edirəm”. (Ali-İmran surəsi, 35-36)
Hz. Məryəm (ə.s) dünyaya gəldiyi zaman İmranın həyat yoldaşının rəftarı yenə Allah’ı razı etmək üçün oldu. Həm hz. Məryəmi (ə.s), həm də onun mübarək nəslini şeytanın şərindən qoruması üçün Allah’a yönəldi. Allah İmranın həyat yoldaşının özünə qarşı bu səmimi yönəlməsini qəbul etdi və duasının əvəzində dünyaya gətirdiyi uşağı çox üstün əxlaq sahibi etdi. Quranda hz. Məryəmin (ə.s) Allah’ın qoruması altında nə qədər diqqətlə və incəliklə tərbiyə edildiyi, "Rəbbi onu yaxşı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi və onu Zəkəriyyaya həvalə etdi. ..." (Ali-İmran surəsi, 37) ayəsi ilə xəbər verilmişdir.
Hz. Zəkəriyya (ə.s) hz. Məryəmə (ə.s) verdiyi təhsil əsnasında onun digər insanlardan daha üstün yaradıldığına diqqət etmişdi. Çünki Allah hz. Məryəmə (ə.s) Öz fəzlindən bir çox nemət vermişdi. Quranda bu mövzu belə izah edilmişdir:
... Zəkəriyya hər dəfə onun yanına ibadətgaha daxil olduqda, onun yanında ruzi olduğunu görərdi. O dedi: “Ey Məryəm! Bu, sənin üçün haradandır?” (Məryəm) dedi: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir”. (Ali-İmran surəsi, 37)
Allah İmran ailəsini aləmlərə üstün etdiyi kimi, bu ailəyə mənsub olan hz. Məryəmi (ə.s) də seçmiş və onu bütün aləmlərin qadınlarından üstün etmişdir. Quranda onun bu üstünlüyü belə bildirilir:

Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi. Ey Məryəm! Rəbbinə itaət et, səcdə et və rükuya gedənlərlə birlikdə rükuya get!” (Ali-İmran surəsi, 42-43)
Hz. Məryəm də ailəsi kimi, yaşadığı cəmiyyətdə Allah’a olan bağlılığı, ixlası və səmimiyyəti ilə tanınan bir insan olmuşdur. Ən yaxşı bilinən xüsusiyyətlərindən biri isə "ismətini qoruması", yəni iffətinə düşkünlüyü idi. Bu mövzu “Təhrim” surəsində belə xəbər verilir:

Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də (misal çəkdi). Biz onun (paltarının yaxasında olan kəsiyinə) Öz ruhumuzdan üfürdük. O, Rəbbinin Sözlərini və Onun Kitablarını təsdiq etdi və itaət edənlərdən oldu. (Təhrim surəsi, 12)