Üçləmə inancının əsas dayaqlarından biri də hz. İsanın (ə.s) həyatında baş verən möcüzələrdir. Həqiqətən də Rəbbimiz hz. İsaya (ə.s) qeyri-adi möcüzələr lütf etmişdir. Bu mübarək insanın anadan olmasından Allah Qatına alınmasına qədər keçən zaman möcüzələrlə doludur. Bunlardan biri də hz. İsanın (ə.s) atasız anadan olmasıdır. Hz. İsanın (ə.s) doğumu həqiqətən də Rəbbimizin çox böyük bir möcüzəsidir. Cəbrayılın hz. Məryəmə "eynilə insan" şəklində görünməsi və ona Allah'dan bir möcüzə göstərməsi Quran ayələrində ətraflı təsvir edilib. Hz. Məryəmə heç bir insan əli toxunmadığı halda, Allah'ın diləməsilə hz. İsaya (ə.s) hamilə qalmışdır. Onun hamiləliyi dünyəvi səbəblərdən asılı deyil, möcüzəvi bir şəkildə reallaşmışdır:
(Məryəm) dedi: "Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?" (Mələk) dedi: «Elədir, lakin Rəbbin buyurdu: "Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. (Bu,) hökmü verilmiş bir işdir"». (Məryəm) uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi. (Məryəm surəsi, 20-22)
Ayədən də aydın olduğu kimi, hz. İsa (ə.s), bildiyimiz səbəblərdən fərqli bir yaradılışla, atasız anadan olmuşdur. Allah o, anadan olmadan əvvəl bir çox xüsusiyyətini və onu insanlara rəhmət olaraq göndərdiyini mələkləri vasitəsilə anası hz. Məryəmə bildirmişdir.
(Mələk) dedi: "Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm"... Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik… " (Məryəm surəsi, 19-21)
Guya, bu möcüzəvi yaradılış üçləmə inancının əsas dəlillərindən birini təşkil edir. Hz. İsanın (ə.s) anadan olmasındakı qeyri-adilik açıq-aşkar bir həqiqətdir. Ancaq Quranda hz. Yəhyanın (ə.s) da yenə möcüzəvi şəkildə anadan olması xəbər verilir. Ayələrdə özünə varis lütf etməsi üçün Allah'a dua edən hz. Zəkəriyyanın duaları belə bildirilir:
(Bu) sənin Rəbbinin Öz qulu Zəkəriyyaya (göstərdiyi) mərhəmətinin yada salınmasıdır. Bir zaman (Zəkəriyya) Rəbbinə gizlicə dua edib demişdi: "Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində (heç vaxt) bədbəxt olmamışam. Mən özümdən sonra gələn qohumlarımdan (dinə etinasız yanaşacaqlarından) qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki,o həm mənə, həm də Yaqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o (Sənin) razılığını qazanmış olsun!" (Məryəm surəsi, 2-6)
Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək dedi: "Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən". (Ali-İmran surəsi, 38)
Ayələrdə də bildirildiyi kimi, normal şəraitdə hz. Zəkəriyyanın uşaq sahibi olması mümkün deyil. Amma o özünə bir köməkçi və varis lütf etməsi üçün Rəbbimizə səmimi qəlblə dua etmişdir. Rəbbimizin, bu dəyərli insanın duasına verdiyi qarşılıq ayələrdə belə bildirilir:
(Ona belə vəhy olundu:) "Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı (ondan) öncə kimsəyə qoymamışıq!". (Məryəm surəsi, 7)
O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: "Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, (qövmünün) ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir". (Ali-İmran surəsi, 39)

Rəbbimiz hz. Zəkəriyyanı adı Yəhya olan bir övladla müjdələmişdir. Bu da hz. İsanın (ə.s) anadan olduğu kimi möcüzəvi bir haldır. Çünki həm yaşlarına, həm də sağlamlıq vəziyyətlərinə görə hz. Zəkəriyyanın və həyat yoldaşının övlad sahibi olmaları mümkün deyildi. Hz. Zəkəriyya da bu müjdəni eşitdikdə
"...O dedi: "Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda mənim övladım necə ola bilər?" (Məryəm surəsi, 8) şəklində bir cavab vermişdir. Ancaq bütün kainatı yoxdan var edən Rəbbimizin hər şeyə gücü çatır. O, sonsuz qüdrəti ilə istədiyi hər şeyi "Ol" deməsi ilə yaratma gücünə sahibdir. Ayələrdə belə xəbər verilir:
(Mələk) dedi: «Elədir, lakin Rəbbin buyurdu: "Bu, Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!"» (Məryəm surəsi, 9)
O dedi: "Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də sonsuz ikən mənim necə oğlum ola bilər?" (Allah) dedi: "Allah beləcə istədiyini edər". (Ali-İmran surəsi, 40)
İncildə də hz. Yəhyanın anadan olması ilə bağlı buna bənzər məlumat vardır:
Elə bu vaxt Rəbbinin bir mələyi Zəkəriyyaya göründü. Zəkəriyya onu görüb qorxdu. Mələk ona, "Qorxma, dedi, - "Duan qəbul edildi. Həyat yoldaşın Elizabet sənə bir oğul dünyaya gətirəcək, onun adını Yəhya qoyacaqsan. Sevincdən coşacaqsan. Bəziləri də onun anadan olmasına sevinəcək. O, Rəbbin gözündə böyük olacaq. Heç şərab və içki içməyəcək, hələ anasının rəhmində ikən Müqəddəs Ruhla dolacaq. İsrail oğullarından bəzilərini Tanrıları Rəbbə döndərəcək. Ataların qəlblərini övladlarına isindirmək, söz eşitməyənləri doğru danışan insanların nəsihətlərinə yönəltmək və Rəbbimiz üçün hazırlanmış bir xalq yetişdirmək üçün İlyasın ruhu və gücü ilə Rəbbinin istədiklərini yerinə yetirəcəkdir." Zəkəriyya mələyə, "Buna necə inana bilərəm?" - dedi. "Çünki mən qocalmışam, həyat yoldaşımın da çox yaşı var." (Luka, 1/11-18)
Rəbbimiz hz. Zəkəriyyaya Öz Qatından bir möcüzə ilə hz. Yəhyanı hədiyyə etmiş, bu mübarək insana uşaqlığında itaəti sevdirmiş, hikmət, sevgi həssaslığı və təmizlik vermişdir. Ayələrdə hz. Yəhya haqqında belə buyurulur:
... O, müttəqi idi. Həm də ata-anasına qarşı qayğıkeş (idi); lovğa və asi deyildi. Doğulduğu gün də, öləcəyi gün də, yenidən dirildiləcəyi gün də ona salam olsun! (Məryəm surəsi, 13-15)
Ayələrdən də görüldüyü kimi, hz. Yəhyanın anadan olması böyük möcüzədir. Allah dünyəvi səbəblərdən asılı olmadan hz. Zəkəriyyaya bir oğul hədiyyə etmiş, duasını qəbul edərək ona hz. Yəhyanı varis etmişdir. Bu müjdəni hz. Məryəmə olduğu kimi hz. Zəkəriyyaya da bir mələk vasitəsilə bildirmişdir. Hz. Zəkəriyyanın xanımının hamilə qalması üçün uyğun şərtlər mövcud deyildi. Buna görə də hz. Məryəmin hz. İsanı (ə.s) dünyaya gətirməsi ilə hz. Yəhyanın vəziyyəti arasında böyük bənzərlik var. Bu vəziyyət üçləmə inancının əsas dayaqlarından birinin bir daha etibarsızlığını göstərir.