Nəsranilər II əsrdən etibarən kilsə rəhbərlərinin yazılarında "azğın" məzhəb kimi qeyd edilməyə başlandılar. Kilsənin nüfuzlu adamlarından biri olan Yustin Martyr (Castin Martir) 150-ci ildə qələmə aldığı bir yazıda hz.İsanı Məsih kimi tanıyan, ancaq onu yenə də adi insan sayan, yəni "Tanrının oğlu" (bundan Allah'a sığınırıq) kimi qəbul etməyən bir məzhəbdən bəhs etmişdi. Martyr bu məsələni də vurğulamışdı: bu insanlar üçləməni müdafiə edən qruplar tərəfindən pislənirdi və iki tərəfin də bir-birilə münasibəti çox pis idi. Bundan təxminən yarım əsr sonra isə katolik rahib İrenaeus "Adversus Haereses" ("Azğınlara cavablar") adlı bəyanat yaydı. İrenaeusun ən çox təhqir etdiyi "azğın"ların başında "ebionim" kimi qeyd etdiyi bir icma gəlirdi. "Ebionim" sözü ibrani dilindəki "ebion" sözünün cəmi idi və "kasıblar" mənasını verirdi.

İrenaeusa görə, ebionlar icmasının "azğın" olmasının səbəbi isə hz.İsanın adi insan olması ilə bağlı etiqadları idi. Yenə İrenaeusa görə, onlar yəhudi hökmlərinin bütün qaydalarına həssaslıqla tabe olur, digər tərəfdən dörd İncildən ancaq "Matta İncili"ni qəbul edirdilər. Yazılı mənbələrdə bəhs edilən ebionların nəsranilər olması aydın olur. Kilsə rəhbərləri "ebion" və "nəsrani" sözlərindən həmişə eyni icmanı ifadə etmək üçün istifadə ediblər. Məsələn, IV əsrin axırlarında Epiphanius (Epifanius) adlı bir kilsə yazıçısı bir yazısında "nəsrani" və "ebion" sözlərini eyni mənada və eyni icmanı ifadə etmək üçün sinonim kimi işlədirdi. Epiphaniusa görə, bu qrupun "azğınlığı" hz.İsanın "tanrı" olduğunu rədd etmələrindən və onu sadə bir insan kimi tanımalarından qaynaqlanırdı. Epiphanius bu insanların kilsənin təsdiq etdiyi Əhdi-Cədid kitablarından yox, bu kitabların "fərqli variantlarından" istifadə etdiklərini də vurğulayırdı.
Ebionların hz.İsanı bir insan kimi qəbul etməsi, onun adına tanrılıq isnad etməməsi 2003-cü il dekabr ayının 22-də "Time" jurnalında dərc edilən "The Lost Gospels" ("İtmiş İncillər") sərlövhəli bir məqalədə belə vurğulanırdı: "Ebionlar hz.İsaya inanır, ancaq (tədqiqatçı) Ehrmanın bildirdiyinə görə, "onu müqəddəs yəhudi kitabında vəd edildiyi kimi, "yəhudilərə göndərilən yəhudi Məsihi"" kimi qəbul edirdilər. Ebionların inandığı hz.İsa üçləmənin bir hissəsi deyildi. Onun bir insan olduğunu və özünəməxsus cəhətinin yəhudi şəriətini təkmilləşdirmək olması fikrini müdafiə edirdilər".
Qüdsdən ayrılan nəsranilər Suriya tərəfə köç etdilər və sonrakı bir neçə əsr ərzində Mesopotamiyada yaşamağa davam etdilər. Ancaq nəsranilər bir icma olaraq bu bölgədə yaşasa da, nəsrani təlimləri getdikcə inkişaf edərək daha uzaq ərazilərə yayılmağa başladı. Romanın Katolik kilsəsinin təsirinin gəlib çatmadığı bölgələrdə xristianlığın ən azı ilk dörd əsrində nəsrani inancına sahib olan müxtəlif xristian məzhəbləri ortaya çıxdı. Nəsrani təliminə sahib çıxan, yaxud da ən azı bu təlimdən təsirlənən müxalif xristian cərəyanlarının ən məşhuru əvvəlki hissələrdə bəhs etdiyimiz İskəndəriyyə yepiskopu Ariusun adı ilə xatırlanan "ariusçuluq" hərəkatı idi.