Hz. İsanın (ə.s) təkrar dünyaya gələcəyi ilə bağlı başqa bir dəlil isə "Maidə" surəsinin 110-cu ayəsində və "Ali-İmran" surəsinin 46-cı ayəsində keçən "kəhlən" sözüdür. Ayələrdə belə buyurulur:
Allah deyəcəkdir: "Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın.…" (Maidə surəsi, 110)
O, (həm) beşikdə ikən, (həm də) yetkin çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır". (Ali-İmran surəsi, 46)
Bu söz Quranda yalnız yuxarıdakı iki ayədə və yalnız hz. İsa (ə.s) üçün istifadə edilir. Hz. İsanın (ə.s) yetkin halını bildirən "kəhlən" sözünün mənası "30-50 yaşında olan, saçları ağarmağa başlayan və ya gənclik dövrünü keçirmiş yaşlanan insan, yetkin insan" deməkdir. Bu söz İslam alimləri tərəfindən "35 yaşdan sonrakı dövr" kimi tərcümə edilir. Hz. İsanın (ə.s) gənc olarkən təxminən otuz yaşında Allah Qatına yüksəldiyini, yer üzünə endikdən sonra qırx il qalacağını bildirən İslam alimləri hz. İsanın (ə.s) yetkin dövrünün təkrar dünyaya gəlişindən sonra olacağını, buna görə də bu ayənin hz. İsanın (ə.s) gəlişinə dair bir dəlil olduğunu söyləyirlər. Bütün peyğəmbərlər insanlarla danışıb, onları dinə dəvət etmişlər. Hamısı da yetkin yaşlarında dini təbliğ etməyə başlayıblar. Ancaq Quranda heç bir peyğəmbər üçün belə ifadədən istifadə edilməmişdir. Bu ifadə yalnız hz. İsa (ə.s) üçün və möcüzəvi bir halı vurğulamaq məqsədi ilə istifadə edilmişdir. Çünki ayələrdə ard-arda istifadə edilən "beşikdə" və "yetkin ikən" sözləri iki böyük möcüzəvi zamanı bildirir. Misirli müasir İslam alimlərindən Xəlil Herras da ayəni açıqlayarkən bu xüsusa diqqət çəkmişdir:
Ayədə keçən kəhl sözü özündən əvvəl işlənən və zərf olan məhd sözünə yönəlmişdir. Xüsusi bir hal olmadıqca da özündən əvvəlki sözün mənası dəyişməyəcək. Belə olduqda isə necə ki, hz. İsanın (ə.s) anadan olduğundan dərhal sonra danışması böyük möcüzədirsə, yetkin halında da eyni möcüzəni reallaşdırması lazımdır. Yoxsa normal halda bir insanın yetkin vəziyyətində danışması möcüzə olmaz və ayədə zikr edilməsinin hikməti də tam aydınlaşmaz. Ancaq hz. İsa (ə.s) zühur etdikdən sonra yetkib halında danışsa, məhz onda möcüzə olar...

Tanınmış İslam alimi Qumari isə qeyd edir ki, ayədə hz. İsanın (ə.s) beşikdə olarkən danışmasından əlavə, yetkin yaşlarda danışmasına da diqqət çəkilməsinin hikmətlərindən biri Onun möcüzəvi həyatının olmasıdır. Hz. İsanın (ə.s) körpə olarkən danışmasının Allah'ın bir möcüzəsi olması kimi, yetkin dövründə insanlarla danışmasında da möcüzəvi bir vəziyyətin olacağını ifadə etmişdir:
Hz. İsanın (ə.s) beşikdə və yetkin halında olarkən danışmasına diqqət çəkilməsi bir hikmət, həm də qeyri-adi bir hadisəyə işarədir. Hz. İsa (ə.s) (gənc yaşda) səmaya yüksəldilmişdir. Yüzlərlə il qeyb olmuşdur. Cismani dəyişikliklərin meydana gəldiyi qanunlara tabe olmayan bir əlamət baş vermişdir. Belə bir insanın enərək insanlarla danışması qeyri-adi bir hadisədir.
İmam Suyuti "Maidə" surəsinin 110-cu ayəsində keçən "kəhlən" sözünə diqqət çəkərək, "Bu ifadə onun (hz. İsanın) qiyamətdən əvvəl göydən enəcəyini ifadə edir. Çünki hz. İsa (ə.s) yaşlanmamışdan əvvəl göyə qaldırılmışdır." demişdir. İmam Taberi isə Taberi Təfsiri adlı əsərində bu ayələrdə keçən ifadələri belə açıqlayır: Bu ifadələr (Maidə surəsi, 110) hz. İsanın (ə.s) ömrünü tamamlayıb yaşlı olanda insanlarla danışa bilməsi üçün göydən enəcəyinə işarə edir. Çünki o, gənc yaşda ikən göyə qaldırılmışdı… Bu ayədə (Ali-İmran surəsi, 46), hz. İsanın (ə.s) həyatda olduğuna dəlil var və əhli sünnə də bu fikirdədir. Çünki ayədə onun yaşlı olanda da insanlarla danışacağı bildirilir. Yaşlanması da ancaq səmadan yer üzünə enəcəyi zaman olacaq. Ömər Nəsuhi Bilmenin təfsirində də "Ali-İmran" surəsinin 46-cı ayəsi açıqlanarkən, bu ayənin hz. İsanın (ə.s) yenidən yer üzünə gəlişinin dəlillərindən biri olduğu bildirilmişdir: Bu ayə hz. İsanın (ə.s) səmaya qaldırıldıqdan sonra təkrar yer üzünə enərək nas (insanlar) ilə danışacağına dəlalət (işarə) edir. Çünki onun sinni kuhulətə (yetkinlik yaşına) tamamilə girməsi səmaya qaldırıldıqdan sonra mümkün (olacaq).
Göründüyü kimi, burada yalnız bir qisminə yer verdiyimiz İslam alimlərinin "kəhlən" sözünə dair açıqlamaları da Quranda bildirilən digər məlumatlar kimi, hz. İsanın (ə.s) təkrar yer üzünə gəlişinə işarə edir. (Ən doğrusunu Allah bilir.) Bütün bu dəlillər hz. İsanın (ə.s) axırzamanda yer üzünə təkrar gələcəyini göstərir.