QURANDA BİLDİRİLDİYİ KİMİ, HZ. İSA (Ə.S) İNSANDIR
Rəbbimiz Quranın "Furqan" surəsində Peyğəmbərimizə (s.ə.v) özündən əvvəlki peyğəmbərlərin də insan olduqlarını bildirir:
Səndən öncəki elçilərimiz də, yemək yeyər, bazarları gəzib dolanardılar. Sizin bəzilərinizi digərlərinizlə sınaqdan keçirtdik ki, (görək) səbir edə biləcəksinizmi? Sənin Rəbbin Görəndir. Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: "Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?" Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər. (Furqan surəsi, 20-21)
Digər ayələrdə də Rəbbimiz belə buyurur:
Biz səndən əvvəl də onlara vəhy nazil etdiyimiz ancaq kişilər göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun. Biz onları yemək yeməyən bir vücud etmədik. Onlar əbədi də deyillər. Sonra isə onlara verdiyimiz vədi yerinə yetirdik. Biz həm onları, həm də istədiyimiz kəsləri xilas edib, həddi aşanları məhvə uğratdıq. (Ənbiya surəsi, 7-9)
Quran ayələrində peyğəmbərlərin və hz. İsanın (ə.s) bəşər xüsusiyyətləri bir çox nümunələrlə təsvir edilmişdir. Hz. Məryəm hz. İsaya (ə.s) möcüzəvi şəkildə hamilə qalmışdır. Ancaq hz. İsanın (ə.s) doğum mərhələləri, doğum əsnasında anası hz. Məryəmin yaşadıqları hz. İsanın (ə.s) hər insan kimi eyni çətin mərhələlərdən keçərək dünyaya gəldiyini açıqca ortaya qoyur. Bu müddət ərzində yaşananların fərqli şəkildə izah olunması, ya da bu vəziyyətdən fərqli bir məna çıxarılması Allah'ın icazəsi ilə mümkün deyil.
(Məryəm) uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi. Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: "Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!" (Məryəmin) aşağı tərəfindən (İsa və ya Cəbrail) onu səsləyib dedi: "Qəm yemə, Rəbbin sənin (ayağının) altından bir bulaq axıtdı. Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün. Ye, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: "Mən ər-Rəhmana oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam"». (Məryəm) körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər: "Ey Məryəm! Sən yaramaz (və ya görünməmiş) bir iş tutmusan. Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi".
(Məryəm surəsi, 22-28)
Hz. İsanı (ə.s) Allah yaradıb və ona müxtəlif möcüzələr lütf etmişdir. Ölüləri diriltmək, palçıqdan quş düzəldib ona can vermək, anadan gəlmə kor və cüzam xəstələrini sağaltmaq kimi göstərdiyi bəzi möcüzələr, həm də atasız dünyaya gəlməsi kimi qeyri-adiliklər isə dünya həyatında bildiyimiz qanunlardan kənar hadisələrdir. Rəbbimiz Quranın bir çox ayəsində peyğəmbərlərin göndərildikləri qövmlərə göstərdikləri möcüzələrdən bəhs etmişdir. Məsələn, hz. Adəmin atasız olaraq torpaqdan yaradıldığını, hz. Saleh (ə.s), hz. İbrahim (ə.s) və hz. Musa (ə.s) kimi peyğəmbərlər tərəfindən də insanlara bir çox möcüzələr göstərildiyini xəbər vermişdir. Hz. Musa (ə.s) cadugərlərlə qarşılaşdıqda, Rəbbimiz onun əsasını bir ilana çevirərək ona çox böyük bir möcüzə ilə kömək etmişdir. (Taha surəsi, 69) Eyni şəkildə Firon və ordusunun təqibi nəticəsində dəniz kənarına gələn hz. Musa (ə.s) və İsrail oğulları dənizdə yol açılması ilə qarşı tərəfə keçmiş, Firon və ordusu isə sular altına qərq olmuşdular. (Taha surəsi, 77-78) Quran ayələrində də Peyğəmbərimizin (s.ə.v) bir çox möcüzələri, qeybdən verdikləri xəbərlər bildirilir. Allah "İsra" surəsində Peyğəmbərimizi (s.ə.v) bir gecə Məscidi Əksaya apardığını və oranı göstərdiyini bildirir. Bu Rəbbimizdən çox böyük bir möcüzədir. (İsra surəsi, 1) Həmin möcüzələrin reallaşmasını təmin edən aləmlərin Rəbbi olan Allah'dır. Bu möcüzələrin meydana gəlməsi Peyğəmbərimizə (s.əv.), hz. Musaya (ə.s) və digər peyğəmbərlərə ilahlıq mövqeyinin verilməsi demək deyil. (Allah'ı tənzih edirik.) Çünki bu mübarək insanlar göstərdikləri möcüzələrin ancaq Allah'ın diləməsi ilə reallaşdığını hər zaman bilmişlər. "Maidə" surəsində də hz. İsanın (ə.s) bu möcüzələri "Allah'ın iznilə" reallaşdırdığı xəbər verilir:
Allah deyəcəkdir: "Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldikdə Mən onları səndən dəf etmişdim. Onlardan kafir olanlar isə demişdilər: "Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir". (Maidə surəsi, 110)
Quran ayələri hz. Məryəmin (ə.s) və hz. İsanın (ə.s) heç bir ilahlıq iddialarının olmadığını sübut edir. Bunlardan biri də "Maidə" surəsinin 75-ci ayəsidir:
Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib getmişlər. Onun anası isə (Allah'a) sidq ürəkdən inanan bir qadın idi. Hər ikisi də yemək yeyirdi. Bax gör ayələrimizi onlara necə bəyan edirik, sonra da gör onlar (haqdan) necə döndərilirlər. (Maidə surəsi, 75)
Ayədə, xüsusilə, yemək yemələrindən danışılması çox hikmətlidir. Çünki yemək yemək, acmaq, susamaq, yuxusunun gəlməsini hiss etmək canlılara aid xüsusiyyətlərdir və acizliyi ifadə edir. Həmin insani xüsusiyyətlərə sahib olan hz. İsanın (ə.s) ilahlıq iddia etməsi isə çox yanlış olar. Mülkün sahibi olan Rəbbimiz Rəzzaq ismi ilə bütün canlılara ruzi verir, onlara nemətlər bəxş edir. O heç bir şeyə və heç kimə möhtac deyildir. Ancaq bütün canlılar yaradılmaq və varlıqlarını davam etdirə bilmək üçün Rəbbimizə möhtacdırlar.
Hz. Məryəm (ə.s) və hz. İsanın (ə.s) yemək yemələrinə diqqət çəkilməsinin başqa bir hikməti də ayələrdə hz. İbrahimə (ə.s) insan surətində gələn mələk elçilər haqqında verilən məlumat ola bilər (Ən doğrusunu Allah bilir). Ayələrdə bu elçilərin "yemək yemədiklərinə"diqqət çəkilmişdir:
İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı? Onlar onun yanına daxil olub: "(Sənə) salam olsun!"– dedilər. (İbrahim:) "Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!"– dedi. O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov (qızardıb) gətirdi. Onu qabaqlarına qoyub: "Yemək yeməyəcəksinizmi?"– dedi. O, (qonaqların yemədiklərini görüb) onlardan qorxuya düşdü. Onlar: "Qorxma!"– dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər. (Zariyat surəsi, 24-28)
Elçilərimiz (mələklər) İbrahimə (İshaqın doğulacağı barədə) müjdə gətirdilər və: "Salam!"– dedilər. O da: "Salam!"– dedi və dərhal (gedib) qızardılmış bir buzov gətirdi. (İbrahim mələklərin) yeməyə əl vurmadıqlarını gördükdə onlar onun xoşuna gəlmədi və onların yanında canına qorxu düşdü. Onlar dedilər: "Qorxma! Həqiqətən, biz Lut qövmünə göndərilmişik". (Hud surəsi, 69-70)
Allah, hz. İsaya (ə.s) ilahlıq vəsfi verib üçləmə inancını müdafiə edənləri ayələrdə çox fərqli şəkillərdə xəbərdar edir. Bu ayələrdən bəziləri belədir:
"Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir!"– deyənlər artıq kafir oldular. De: "Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanlarını hamısını məhv etmək istəsə, kim Ona bir şeylə mane ola bilər?" Göylərin, yerin və onların arasında olanların səltənəti Allah'a məxsusdur. (Allah) istədiyini yaradır. Allah hər şeyə qadirdir. (Maidə surəsi, 17)
Hz. İsa (ə.s) da Allah'ın yaratdığı aciz və möhtac qullarından biridir. Allah'ın çox sevdiyi, şərəfləndirdiyi, seçdiyi bir insandır, amma nəticə etibarilə bir quldur. Quranda hz. İsanı (ə.s) ilahlaşdıranlara belə buyurulur:
"Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir"– deyənlər artıq kafir oldular. Məsih isə demişdir: "Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allah'a ibadət edin! Həqiqətən də, Allah'a şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır". "Şübhəsiz ki, Allah üçlüyün üçüncüsüdür!"– deyənlər artıq kafir oldular. Halbuki, Bir olan İlahdan başqa heç bir ilah yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara mütləq üzücü bir əzab toxunacaqdır. Onlar Allah'a tövbə edib Ondan bağışlanma diləməyəcəklər? Allah ki Bağışlayandır, Rəhmlidir. (Maidə surəsi, 72-74)
Ayədə də bildirildiyi kimi, Rəbbimiz bütün varlıqlar üzərində tək hökm sahibidir. O, bir şey dilədiyi zaman bunu təxirə salacaq, ya da etdirməyəcək başqa bir güc yoxdur. Allah'dan başqa ilahların mövcud olduğunu qəbul edərək "Allah özünə övlad götürdü" deyənlərə Quranda belə cavab verilir:
Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: "Məndən başqa heç bir ilah yoxdur, Mənə ibadət edin!"– deyə vəhy etməyək. (Kafirlər): "Ər-Rəhman (Özünə) övlad götürdü!"– dedilər. O, pakdır, müqəddəsdir! Əksinə, (o mələklər) möhtərəm qullardır. (Mələklər) Ondan qabaq danışmazlar; onlar ancaq Onun əmrini yerinə yetirərlər. (Allah) onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər. Onlardan kimsə: "Mən Ondan başqa bir tanrıyam!"– desə, ona Cəhənnəmi qismət edərik. Biz zalımları belə cəzalandırırıq. (Ənbiya surəsi, 25-29)