Quranda hz. İsanın (ə.s) ikinci dəfə gəlməsinə işarə edən məlumatlardan biri də hz. İsaya (ə.s) Tövrat və İncillə birlikdə Quranın da öyrədilməsidir.
O zaman mələklər dedilər: "Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlimə ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və (Allah'a) yaxınlaşdırılmışlardan olacaqdır. O, (həm) beşikdə ikən, (həm də) yetkin çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır". (Məryəm) dedi: "Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda necə övladım ola bilər?" (Allah) dedi: "Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq "Ol!"– deyir, o da olur". Allah ona Kitabı, hikməti, Tövratı və İncili öyrədəcək. (Ali-İmran surəsi, 45-48)
Bu kitabın hansı kitab olduğu çox vacibdir. Eyni ifadə "Maidə" surəsinin 110-cu ayəsində də var:
Allah deyəcəkdir: "Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə Kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim. ..." (Maidə surəsi, 110)
Quranda bildirilən digər ayələri araşdırdıqda hər iki ayədə də keçən "Kitab" ifadəsinin Qurana işarə etdiyini görürük. Ayələrdə Tövrat və İncildən başqa göndərilən son haqq kitabın Quran olduğu bildirilir. (Hz. Davuda (ə.s) verilən Zəbur da Köhnə Əhidin içindədir.) Bununla yanaşı, Quranın digər ayələrində "Kitab" sözü, İncil və Tövrat sözünün yanında Quranı ifadə etmək üçün istifadə edilmişdir:
Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaradılanların) Qəyyumudur. O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi (Ali-İmran surəsi, 2-3)
Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik.... (Maidə surəsi, 48)
Kitab sözünün Qurana işarə etdiyi digər ayələr isə belədir:
Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi (günahlardan) təmizləyən, Kitabı və hikməti (Sünnəni) sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir Elçi göndərdik. (Bəqərə surəsi, 151)
(De:) "Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?" Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma. (Ən'am surəsi, 114)
Biz Kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixtilafda olduqları şeyləri bəyan edəsən və (bu,) mömin camaat üçün doğru yol göstərən rəhbər və mərhəmət olsun. (Nəhl surəsi, 64)
Sən (bu) Kitabın sənə nazil olacağına ümid etmirdin. (Bu) ancaq Rəbbindən bir mərhəmətdir. Odur ki, heç vaxt kafirlərə arxa olma! (Qasas surəsi, 86)
Onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda iman gətirən adam¬¬lar üçün mərhəmət və ibrət vardır. (Ənkəbut surəsi, 51)
Həqiqətən, Biz sənə Kitabı haqq olaraq nazil etdik ki, insanlar arasında Allah'ın sənə vəhy etdiyi ilə hökm verəsən. Odur ki, xainləri müdafiə edənlərdən olma. (Nisa surəsi, 105)
Bu halda hz. İsaya (ə.s) öyrədiləcək üçüncü "Kitab"ın Quran olduğu və bunun da ancaq hz. İsanın (ə.s) axırzamanda dünyaya gəlişində mümkün ola biləcəyi açıq şəkildə görünür. Çünki hz. İsa (ə.s) Quranın endirilməsindən təxminən 600 il əvvəl yaşamışdı. Buna görə də yaşadığı dövrdə Quranı öyrənməsi mümkün deyildi. Bunlarla yanaşı, Peyğəmbərimizin (s.ə.v) hədislərində hz. İsanın (ə.s) dünyaya ikinci dəfə gəlişində İncillə deyil, Quranla hökm verəcəyinin bildirilməsi də bunun bir dəlilidir:
Qırx (40) il Allah'ın Kitabı və mənim sünnəmlə hökm verər, vəfat edər.
Bu ifadədən də aydın olduğu kimi, hz. İsa (ə.s) yenidən yer üzünə gəldikdə Quranda bildirilən hökmlərlə hökm verəcək, hz. Muhəmmədin (s.ə.v) sünnəsini davam etdirəcək. Bu da ayələrdəki məna ilə tamamilə üst-üstə düşür. (Şübhəsiz ki, ən doğrusunu Allah bilir.)
Bu ayələrdə diqqət ediləcək başqa məlumat da hz. İsa (ə.s) üçün bildirilən ifadənin (əvvəlki mövzuda olduğu kimi) başqa heç bir peyğəmbər üçün bildirilməməsidir. Məsələn, hz. Musaya (ə.s) Tövratın endirildiyi, hz. İbrahimə (ə.s) səhifələrin verildiyi, hz. Davuda (ə.s) Zəburun vəhy edildiyi Quranda bildirilir və ya peyğəmbərlərin öz dövrlərindən əvvəl endirilən kitablar varsa, bu kitabları bildikləri xəbər verilir. Lakin peyğəmbərlərin heç birinə öz dövrlərindən sonra endiriləcək bir kitabın əvvəlcədən onlara öyrədildiyi xəbər verilmir. Özündən əvvəl endirilən, özünə vəhy edilən və özündən sonra endiriləcək kitabı bildiyi xəbər verilən tək peyğəmbər hz. İsadır (ə.s). Bu da hz. İsanın (ə.s) təkrar yer üzünə gələcəyinin və ikinci dəfə gəldikdə özündən sonra vəhy edilmiş kitabla, yəni Quranla hökm edəcəyinin işarələrindən biridir. (Ən doğrusunu Allah bilir.)