GİRİŞ

Romalıların hz. İsanı (ə.s) çarmıxa çəkərək öldürdükləri iddiasını, yəqin ki, bilməyən yoxdur. İddiaya görə, hz. İsanı (ə.s) həbs edən romalılar və bəzi yəhudi din adamları onu çarmıxa çəkərək öldürmüşlər. Belə ki, bütün xristian aləmi də hadisəni bu şəkildə qəbul edir. Lakin hz. İsanın (ə.s) öldükdən sonra dirilərək göyə yüksəldiyinə də inanırlar. Ancaq Quran ayələrində bu məlumatın doğru olmadığı, hz. İsanın (ə.s) ölmədiyi və öldürülmədiyi bildirilir:

Bir də: “Həqiqətən, biz Allah’ın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətə düçar edildilər.) Halbuki, onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. (Nisa surəsi, 157)

Eyni ayənin davamında hz. İsanın (ə.s) Allah Qatına yüksəldilməsi belə xəbər verilir: Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir. (Nisa surəsi, 158)

Ayələrdə bildirilən həqiqət aydındır. Bəzi yəhudilərin təhriki ilə hz. İsanı (ə.s) öldürməyə cəhd edən romalılar bunda müvəffəqiyyətli ola bilmədilər. Ayədə keçən "amma onlara (onun) bənzəri göstərildi" ifadəsi bu həqiqəti bir daha təsdiq edir. Hz. İsa (ə.s) öldürülməmiş, Allah Qatına yüksəldilmişdir. Beləliklə, Allah bu iddiada olanların həqiqəti bilmədiklərini də xəbər verir. QURANDA PEYĞƏMBƏRLƏRİN ÖLÜMÜ NECƏ İZAH EDİLİR?

Qurandakı hekayələrdə peyğəmbərlərin ölümlərinin keçdiyi sözlərlə hz. İsanın (ə.s) Allah Qatına yüksəldilməsinin izah edildiyi ayələrin araşdırılması vacib bir həqiqəti ortaya çıxarıb. Burada hz. İsa (ə.s) hekayəsində keçən və digər peyğəmbərlərin ölümlərini ifadə edən sözlərin ərəb dilindən tərcüməsini və Quran ayələrində necə istifadə edildiklərini araşdıracağıq. Quranda peyğəmbərlərin ölməsi və ya öldürülməsi ilə bağlı olaraq istifadə edilən sözlər sonrakı hissələrdə daha ətraflı görəcəyimiz kimi, "katələ (öldürmək), matə (ölmək), haləkə (həlak olmaq), saləbə (asmaq)", ya da bir neçə xüsusi sözlərdir. Halbuki, hz. İsa (ə.s) üçün Quranda çox açıq bir ifadə ilə "Onu öldürmədilər (ma katələhu) və asmadılar (ma saləbuhu)" ifadəsi istifadə edilərək peyğəmbərin öldürülmədiyi vurğulanır. Hz. İsanın (ə.s) bir bənzərinin göstərildiyi və onun Allah Qatına yüksəldildiyi bildirilir. “Ali-İmran” surəsində isə hz. İsanı (ə.s) Allah’ın vəfat etdirəcəyi və onu Öz Qatına yüksəldəcəyi bildirilmişdir:

O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm....." (Ali-İmran surəsi, 55)

Quranda ölüm mənasında olan sözlərin və “Ali-İmran” surəsində keçən "vəfat etdirmə" sözünün istifadə formaları belədir:

1. TƏVƏFFA: VƏFAT ETDİRMƏ

Ayədə keçən "vəfat" sözünün qarşılığı Azərbaycan dilində ölmək mənasında istifadə edilmir. Ayələrin ərəb dilində qarşılıqlarının araşdırılması hz. İsanın (ə.s) bildiyimiz mənada ölmədiyini açıqca ortaya qoyur. “Maidə” surəsinin 117-ci ayəsində ölüm hadisəsi belə xəbər verilir:

Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allah’a ibadət edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni (onların arasından) götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən. (Maidə surəsi, 117)

“Ali-İmran” surəsinin 55-ci ayəsində isə Allah’ın hz. İsanı (ə.s) "vəfat etdirəcəyi", inkarçılardan qoruyacağı və onu Öz Qatına yüksəldəcəyi xəbər verilir. Ayənin təfsirindən çıxan məna (bir çox İslam alimləri və təfsirçisinin ortaq fikri ilə) hz. İsanın (ə.s) ölməməsidir. Ayədə belə bildirilmişdir:

O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm. (Ali-İmran surəsi, 55) Bu ayələrdə keçən və azərbaycanca tərcümələrdə öldürmə, ya da vəfat etdirmə olaraq tərcümə olunan söz ərəb dilində "vəfəa" kökündən törəmiş "təvəffa" feilidir və bu hərəkət ölüm mənasında deyil, "canın alınması" mənasındadır. Belə ki, bu söz ərəb dilindəki təfsirlərdə də ölüm mənasında istifadə edilmir. İslam alimi Kurtubinin təfsiri bunun nümunələrindən biridir. Kurtubi təfsirində isə bu söz üçün "nəfslərin ələ alınması" ifadəsi istifadə edilmişdir. İnsanın canının alınmasının hər zaman ölüm mənasında olmadığı yenə Quranda bizə bildirilir. Məsələn, "təvəffa" sözü olan bir ayədə insanın ölümündən deyil, yuxuda canının alınmasından bəhs edilir:

Gecələr sizi yatızdıran, gündüzlər isə nələr etdiyinizi bilən Odur. Sonra O, sizi səhərlər oyadır ki, müəyyən olunmuş əcəliniz gəlib çatsın. .... (Ən'am surəsi, 60)

Bu ayədə "vəfat etdirmə" olaraq tərcümə edilən sözlə “Ali-İmran” surəsinin 55-ci ayəsində istifadə edilən söz eynidir, yəni hər iki ayədə də "təvəffa" sözü işlədilib. İnsanın gecə yatdığı vəziyyət ölüm olmadığına görə yuxarıdakı ayədə istifadə edilən "yətəvəffakum" sözünün ölümü nəzərdə tutmadığı, doğru tərcümənin "gecə canlarınızı alan" şəklində olması lazımdır. Aşağıdakı ayədə isə eyni söz belə istifadə edilir:

Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır..... (Zumər surəsi, 42)

Bu ayədən də aydın olduğu kimi, Allah yatan insanın canını alır, amma haqqında ölüm qərarı verilməmiş olanı əcəli gələnə qədər təkrar geri qaytarır. Bu halda insan bildiyimiz mənada ölmüş hesab edilmir. Yalnız keçici bir müddət üçün ruhu bədənindən ayrılmış, fərqli bir ölçüyə girmiş olur. Oyanacağı zaman isə təkrar ruhu bədəninə qaytarılır.

Yuxunun bir növ vəfat olaraq qiymətləndirildiyi, ancaq bununla bioloji ölümün nəzərdə tutulmadığı nümunələrdən biri də Peyğəmbərimizin (s.ə.v) yuxusundan qalxdığı zaman "Bizi öldürdükdən sonra dirildən Allah’a həmd olsun" (Buxari, Kitabu'd Deavat 6312) dediyini bildirən hədisidir. Şübhəsiz ki, hz. Muhəmməd (s.ə.v) bu hikmətli sözü ilə yatan zaman bioloji mənada ölümün reallaşdığını deyil, yatan insanın bizim anladığımızdan fərqli mənada "canının alındığına" diqqət çəkir. Məşhur İslam alimi və təfsirçisi İbn Kəsr də “Ali-İmran” surəsinin təfsirində digər bir çox dəlillə birlikdə qeyd edilən hədisdən istifadə etmişdir. İbn Kəsrin təfsirində "təvəffa" sözünün yuxuya işarə etdiyi, eyni sözün digər ayələrdə necə istifadə edildiyi açıqlanır. Bu açıqlamaların ardınca İbn Kəsr, İbn Əbu Hatimdən rəvayət edilən bir hədisdən də istifadə edərək gəldiyi nəticəni belə ifadə edir:

İbn Əbu Hatim deyir ki; "Bizə atam... Həsəndən rəvayət edildi ki, o, ”Səni vəfat etdirəcəyəm...” ayəsi haqqında bu açıqlamanı etmişdir: Bu, “Səni yuxu ölümü ilə öldürəcəyəm, yəni yatırdacağam” mənasındadır ki, Allah Təala hz. İsanı (ə.s) yuxuda olarkən göyə qaldırmışdır... Allah hz. İsanı (ə.s) yuxu ilə vəfat etdirdikdən sonra göyə qaldırmış və o dövrdə özünə əziyyət edən yəhudilərin əziyyətlərindən xilas etmişdir. (İbn Kəsr, Tefsiru'l Kur'ani'l Əzm, Nəşr I, s. 573-576)

İslam alimlərindən Muhəmməd Zahid əl-Kövsəri isə "təvəffa" feilinin mənasını araşdırarkən, ayədə bu sözün ölüm mənasında olmadığını bildirmiş və “Zumər” surəsinin 42-ci ayəsində keçən "ölüm" sözünə diqqət çəkmişdir:

Əgər hz. İsa (ə.s) ölmüş olsaydı ( bu doğru deyil), "Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. " (Zumər surəsi, 42) ayəsində bəhs edilən və ölüm mənasında olan "məvt" kəlməsi bildirilməzdi... Əgər iddia edildiyi kimi, Allah adi ölümü (bioloji ölümü) bildirmiş olsaydı, bu açıq şəkildə xəbər verilərdi. Belə ki, Allah, yəhudilərin hz. İsanı (ə.s) öldürmədiyindən və onu göyə yüksəltdiyindən bəhs edir. Ona görə burada normal ölüm başa düşülməməlidir. (Zahid Kövsəri, Nazratün Abirə fi Məzaimi men Yünkiru Nüzula İsa kable'l-Ahire, Misir, 1980, s. 34-37)

İslam tarixinin ilk təfsirçilərindən biri olaraq qəbul edilən Maturidi də ayədə hz. İsanın (ə.s) bildiyimiz bioloji ölümündən bəhs edilmədiyini ifadə etmişdir:

Ayədə bildirilən söz, ölüm mənasındakı vəfat deyil, bədənin dünyadan alınması mənasındakı vəfatdır. (Maturidi, Tev'vilatü'l Kurani'l Metaun, Beyrut, s. 67)

İslam alimləri təvəffa feilini izah edərkən hz. İsanın (ə.s) ölmədiyi, Allah Qatına yüksəldildiyi və qiyamətdən əvvəl yer üzünə təkrar qayıdacağı mövzusunda ortaq fikirdədirlər.. Məsələn, məşhur təfsir alimi Taberi bu feilin "yerdən almaq" mənasında istifadə edildiyini ifadə edir və ayəni belə açıqlayır:

Bizə görə ən dəqiq fikir bu sözü "qəbz etmək", "yerdən çəkib almaq" kimi tərcümə etməkdir. Buna görə ayənin mənası; "səni yerdən alıb göylərə çəkərəm" şəklində olur. Ayənin davamı da axırzamanda inkarçılara qarşı olan qalibiyyətə diqqət çəkməklə bu fikri təsdiqləyir. (Taberi Təfsiri, Nəşr III, 290-1)

Elmalılı Həmdi Yazar isə bu ayənin təfsirində “hz. İsanın (ə.s) ölmədiyini, Allah Qatında diri olduğunu” bildirir:

... Bizə görə bu ayənin mənası belədir: Allah’dan bir söz olan və Ruhu'l-Quddüs ilə dəstəklənən Məsih İsanın ruhu hələ ölməyib. Ruhunun əcəli gəlməmişdir. Söz hələ Allah’a qayıtmamışdır. Onun hələ də dünyada görəcəyi işlər vardır. (Elmalılı Həmdi Yazar, Haqq Din Quran Dili, Nəşr II, s. 1112-1113)

Beləliklə, hz. İsanın (ə.s) yuxuya bənzər bir vəziyyətə salınaraq Allah Qatına yüksəldildiyini, hadisənin bildiyimiz ölüm olmadığını, yalnız bir ölçüdən digərinə keçdiyini söyləyə bilərik. (Ən doğrusunu Allah bilir.)

2. KATƏLƏ: ÖLDÜRMƏK

Quranda ölüm mövzusu izah edilərkən istifadə edilən söz ərəb dilində "öldürmək" mənasında işlənən "katələ" sözüdür. “Mömin” surəsində "katələ" sözü belə istifadə edilir:

Firon dedi: “Buraxın məni Musanı öldürüm! Qoy o da Rəbbinə yalvarsın.... (Mömin surəsi, 26)

Ayədə keçən "Musanı öldürün" ifadəsi ərəb dilində "aktul Musa" şəklindədir. Bu söz katələ feilindən törəmişdir. Başqa bir ayədə isə eyni söz belə istifadə edilir:

... (bəzi) peyğəmbərləri haqsız yerə öldürürdülər.... (Bəqərə surəsi, 61)

Ayədə keçən "öldürürdülər" sözü ərəb dilində "yaktulunə" şəklindədir və yenə katələ sözündən törəmişdir. Tərcümədə də açıqca ifadə edildiyi kimi "öldürmək" mənasında işlənir. .

Peyğəmbərlərin ölümünü açıqlayan aşağıdakı bəzi ayələrdə "katələ" feilinin necə istifadə edildiyi göstərilir. Mötərizə içində mənaları bildirilən bütün sözlərin kökləri katələdir:

... “ Biz onların dediklərini və haqsız olaraq peyğəmbərləri öldürmələrini yazacağıq... (Ali-İmran surəsi, 181)

... (Onların) bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi? (taktulunə) (Bəqərə surəsi, 87)

... De : “Əgər siz inanan idinizsə, bəs nə üçün əvvəllər Allah’ın peyğəmbərlərini öldürürdünüz?” (Bəqərə surəsi, 91)

Allah’ın ayələrini inkar edənləri, peyğəmbərləri haqsız yerə öldürənləri və ədalətə çağıran insanları öldürənləri üzücü bir əzabla müjdələ. (yaktulunə);... (Ali-İmran surəsi, 21)

... Əgər doğru danışanlarsınızsa, onda nə üçün onları öldürürdünüz? (katəltumuhum)? (Ali-İmran surəsi, 183)

... demişdi: “Səni hökmən öldürəcəyəm!"... (Le aktulənnəkə) (Maidə surəsi, 27)

Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm.... (Maidə surəsi, 28)

Yusufu ya öldürün, ya da onu (uzaq) bir yerə aparıb atın ... (Yusuf surəsi, 9)

Fironun zövcəsi dedi: “(Bu) (uşaq) həm mənim, həm də sənin üçün gözaydınlığıdır... (la taktulu)" (Qəsəs surəsi, 9)

“Ey Musa! Zadəganlar səni öldürmək barəsində məşvərət edirlər..." (Qəsəs surəsi, 20)

Qövmünün cavabı isə ancaq: “Ya onu öldürün, ya da yandırın!”– demələri oldu... (Ənkəbut surəsi, 24)

3. HALƏKƏ: ÖLMƏK

Quranda öldürmə mənasındakı başqa söz isə "haləkə"dir. Haləkə sözü ayələrdə "həlak olmaq, ölmək" mənalarında istifadə edilir. Məsələn, “Mömin” surəsinin 34-cü ayəsində belə ifadə olunur:

... Nəhayət, o, vəfat etdikdə dediniz: “Allah ondan sonra elçi göndərməyəcəkdir!... (Mömin surəsi, 34)

Ayədə "vəfat etdikdə" olaraq tərcümə olunan ifadə ərəb dilində "iza hələkə" şəklindədir və bu sözün mənası da ölməkdir.

4. MATƏ: ÖLÜM

Quranda peyğəmbərlərin ölümü ilə bağlı olaraq istifadə edilən başqa söz isə "matə" sözüdür. Matə sözü ayələrdə "ölmək" mənasındadır. “Səba” surəsində hz. Süleymanla (ə.s) bağlı mövzu belə bildirilir:

(Süleymanın) ölümünə hökm verdiyimiz zaman onun öldüyünü (cinlərə) ancaq onun əsasını yeyən bir ağac qurdu göstərdi. ... (Səba surəsi, 14)

Kökü eyni olan bu söz başqa bir ayədə də hz. Yəhya (ə.s) ilə bağlı istifadə edilir:

... Doğulduğu gün də, öləcəyi gün də, yenidən dirildiləcəyi gün də ona salam olsun! (Məryəm surəsi, 15)

Bu ayədə "öləcəyi" şəklində tərcümə edilən söz ərəb dilində "Yəmutu" sözüdür. Eyni söz hz. Yaqubun (ə.s) ölümü ilə əlaqəli ayələrdə də vardır:

Yoxsa siz Yaquba ölüm gəldikdə (onun) yanında idiniz?.. (Bəqərə surəsi, 133)

Bu ayədə keçən "əl məvtə" sözü də yenə eyni kökdən yaranmışdır və ölüm mənasındadır.
Hz. Muhəmmədlə (s.ə.v) bağlı bir ayədə isə "katələ" və "matə" feilləri eyni anda istifadə edilir:

Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə siz gerimi dönəcəksiniz? ... (Ali-İmran surəsi, 144)

Matə (ölmək) kökündən əmələ gələn ölüm sözü peyğəmbərlərin ölümlərinin izah edildiyi başqa ayələrdə də keçir:

... O dedi: “Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!” (Məryəm surəsi, 23)

Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Məgər sən öləcəksən, onlar həmişəlik qalacaqlar?! (Ənbiya surəsi, 34)

O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir; (Şuəra surəsi, 81)

5. HALİD: ÖLÜMSÜZ

Ayələrdə ölmək, ya da öldürmək mənasını deyil, ancaq ölümsüzlüyü ifadə edən başqa söz isə "halid" sözüdür. Halid sözünün mənası qalıcı olmaq, davamlı olmaqdır. “Ənbiya” surəsində "halid" sözü belə istifadə edilmişdir:

Biz onları yemək yeməyən bir vücud etmədik. Onlar əbədi də deyillər. (Ənbiya surəsi, 8)

6. SALƏBƏ: ASMAQ

Quranda peyğəmbərlərin ölümləri izah edilərkən istifadə edilən sözlərdən biri də saləbə (asmaq) feilidir. Saləbə feilinin "asmaq, çarmıxa çəkmək və edam etmək" kimi mənaları var. Bu söz ayələrdə belə istifadə edilir:

... Halbuki, onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. (ma saləbu) ... (Nisa surəsi, 157)

... Sizdən biriniz öz ağasına şərab süzəcək, digəriniz isə çarmıxa çəkiləcək (yusləbi)... (Yusuf surəsi, 41)

... ancaq öldürülmək, və ya çarmıxa çəkilmək, (yusallebu)... (Maidə surəsi, 33)

Əllərinizi və ayaqlarınızı çarpaz kəsəcək, sonra da hamınızı çarmıxa çəkəcəyəm”.. (usallibənnəkum) (Ə'raf surəsi, 124)

... Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm.(usallibənnəkum)... (Taha surəsi, 71)

... Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”. (usallibənnəkum). (Şuəra surəsi, 49)

Ayələrdə də göründüyü kimi, fərqli peyğəmbərlərin ölümlərinin izah edildiyi ayələrdə çox fərqli sözlər istifadə edilib. Allah Quran ayələrində hz. İsanın (ə.s) öldürülmədiyini, insanlara onun bir bənzərinin göstərildiyini, onu Öz Qatına yüksəltdiyini bildirmişdir. Hz. İsa (ə.s) üçün "canını almaq" mənasındakı "təvəffa" sözü istifadə edilərkən, digər peyğəmbərlər üçün normal ölümü ifadə edən katələ, ya da məvt kimi sözlər istifadə edilib. Bu məlumatlar isə bizə hz. İsanın (ə.s) vəziyyətinin qeyri-adiliyini bir daha göstərir.