Quranda hz. İsanın (ə.s) ölmədiyi və öldürülmədiyi xəbəri ilə birlikdə hz. İsanın (ə.s) ikinci dəfə yer üzünə gəlməsi də xəbər verilir. Bu ayələrdən biri "Zuxruf" surəsinin 61-ci ayəsidir. Bu surənin 57-ci ayəsindən başlayaraq hz. İsadan (ə.s) bəhs edilir:
Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevincdən güldü. Onlar dedilər: "Bizim məbudlarımız yaxşıdır, yoxsa o?" Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən adamlardır. O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur. Əgər istəsəydik, yer üzündə içinizdən sizi əvəz edəcək mələklər yaradardıq. (Zuxruf surəsi, 57-60)
Bu ayələrdən dərhal sonra gələn 61-ci ayədə hz. İsanın (ə.s) qiyamət saatı üçün bir elm olduğu bildirilir:
Həqiqətən, (İsanın yer üzünə enməsi) Saatın (yaxınlaşmasının) əlamətidir. (Qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol! (Zuxruf surəsi, 61)
Bu ayənin hz. İsanın (ə.s) axırzamanda yer üzünə qayıtmasına açıq bir işarə olduğunu söyləyə bilərik. Çünki hz. İsa (ə.s) Quranın endirilməsindən təxminən altı əsr əvvəl yaşamışdır. Buna görə də bu ilk həyatının "qiyamət saatı üçün məlumat", yəni qiyamət əlamətinin olduğunu deyə bilmərik. Ayə hz. İsanın (ə.s) axırzamanda, yəni qiyamətdən əvvəlki son zaman dilimində yenidən yer üzünə gələcəyinə və bunun da bir qiyamət əlaməti olacağına işarə edir. (Ən doğrusunu Allah bilir.)
Bu ayədə keçən "hu", yəni "o" əvəzliyinin "Quran"a işarə etdiyini söyləyənlər var. Ancaq Quranın digər ayələrinə nəzər saldıqda, "o" əvəzliyinin Quran üçün istifadə edildiyi hallarda mütləq bir əvvəlki və ya sonrakı ayədə Qurandan bəhs edildiyi görünür və ya ayədə keçən digər ifadələrdən Qurana işarə edildiyi tamamilə aydın olur. Bu ayələrdən bəziləri bunlardır:
Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir. Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın. (Bu Quran) kəramətli səhifələrdədir, yüksək və pak (səhifələrdədir). (Əbəsə surəsi, 11-14)
Onlara: "Allah'ın nazil etdiyinə inanın!"– deyildikdə, onlar: "Biz özümüzə nazil edilənə inanırıq"– deyib onun ardınca gələni inkar edirlər. Halbuki, (Quran) onların yanında olanı təsdiqləyən bir həqiqətdir. De: "Əgər siz inanan idinizsə, bəs nə üçün əvvəllər Allah'ın peyğəmbərlərini öldürürdünüz?" (Bəqərə surəsi, 91)
Bunlar Allah'ın doğru yola yönəltdiyi kəslərdir. Sən də onların haqq yoluna yönəl. De: "Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Bu (Kitab) aləmlər üçün yalnız bir xatırlatmadır". (Ən'am surəsi, 90)
Biz (Quranı) haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni də ancaq müjdə verən və xəbərdar edən (bir elçi) kimi göndərdik. Quranı insanlara aramla oxuyasan deyə, Biz onu hissələrə ayırıb, tədriclə nazil etdik. De: "İstər ona inanın, istərsə də inanmayın. Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, (ayələr) oxunduğu zaman üzüstə səcdəyə qapanırlar. (İsra surəsi, 105-107)
Doğrusu, bu (Quran) sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz sorğu-suala tutulacaqsınız. (Zuxruf surəsi, 44)
Ayələrim sizə oxunurdu, siz isə arxa çevirirdiniz. Həm də onunla (o Kəbə ilə) təkəbbürlük edir, gecələr toplanıb yaramaz sözlər danışırdınız. Məgər (kafirlər) bu Söz (Quran) haqqında düşünmürlərmi? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi? (Mu'minun surəsi, 66-68)
Halbuki, "Zuxruf" surəsindəki ayələrə diqqət yetirdikdə, "qiyamət saatı üçün bir elmdir" ifadəsinin əvvəlində və ya sonra gələn ayələrdə Qurandan bəhs edilmədiyi görünür. Ayələrdə hz. İsadan (ə.s) bəhs edilir. Buna görə də "o" əvəzliyi də hz. İsaya (ə.s) işarə edir. (Ən doğrusunu Allah bilir)
Həmçinin tanınmış İslam alimləri də ayədə keçən "o" əvəzliyinin həm ayələrə, həm də səhih hədislərə görə hz. İsaya (ə.s) işarə etdiyini açıqlayırlar. Əbu Hureyrə, İbn Abbas, Katade, Malik ibn Dinar, Dahhak, Əbu Rəzin, Əbu Əbdürrəhman, Humeyd və İbn Muhaysın da hz. İsanın (ə.s) gəlməsinin qiyamət əlamətlərindən biri olduğunu söyləyirlər.
Alusi, Şevkani, əs-Sabuni, Gumari, Ömər Nasuhi Bilmən, Seyyid Kutub, Hasan Basri Çantay kimi bir çox təfsirçinin təfsirində isə bu ayə belə açıqlanır:
Hz. İsanın (ə.s) zühur etməsi qiyamət saatının gəlməsini bildirən əlamətlərdən biridir. Yer üzünə enişi dünyanın sonunun gəldiyinə və axirətin başlanğıcına dəlildir.
İmam Taberi ayənin təfsirində İbn Kəsrin bu mövzudakı açıqlamasını da dəlil olaraq istifadə etmişdir. İbn Kəsir "Qiyamət günündən əvvəl hz.İsanın (ə.s) ədalətli dövlət başçısı və ədalətli hakim olaraq yer üzünə enəcəyinə dair Peyğəmbərimizin (s.ə.v) hədisləri mövcuddur" deyərək, bu ayənin hz. İsanın (ə.s) dünyaya ikinci dəfə gəlməsinə dəlil olduğunu ifadə etmişdir. Elmalılı Hamdi Yazarın təfsirində isə bu mövzu belə açıqlanır:

Şübhəsiz ki, o saat üçün bir elmdir dedikdə İsa (ə.s.) peyğəmbərin saatın gələcəyini, ölülərin dirilib qiyam edəcəyini bildirən bir dəlil və əlamət olduğu nəzərdə tutulur. Çünki hz. İsa (ə.s) həm zühuru, həm əmvati ihya (ölüləri diriltmə) möcüzəsi və əmvatın qiyamını (ölülərin qalxmasını) xəbər verməsi ilə qiyamətin baş verəcəyinə bir dəlil olduğu kimi hədisdə varid olduğuna (mövcud olduğuna) görə əşratı saatdandır (qiyamət əlamətidir).
Müasir İslam alimlərindən Seyyid Kutub da təfsirində hz. İsanın (ə.s) yer üzünə yenidən gəlməsinin vacib dəlillərindən birinin bu ayə olduğuna diqqət çəkir. Kutubun təfsirində mövzu belə açıqlanır:
Hz. İsanın (ə.s) qiyamətin qopmasından əvvəl yer üzünə enəcəyi ilə bağlı bir çox hədis var . Həm də bu ayə ona işarə edir: "O, qiyamətin qopacağını göstərən bir elmdir." Yəni hz. İsanın (ə.s) yer üzünə enməsi ilə qiyamətin qopmasının yaxın olduğu bilinir. Ayənin ikinci oxunuşu isə belədir: "Və innəhu lə aləmun lissati". Yəni onun enməsi qiyamət əlamətidir. Hər iki oxuma tərzi də eyni mənanı ifadə edir. Hz. İsanın (ə.s) göydən enməsi, doğru danışan Peyğəmbərimizin (s.ə.v) öncədən xəbər verdiyi və uca Quranın işarə etdiyi bir qeyb xəbəridir. Qiyamət gününə qədər dəyişmədən qalacaq bu iki qaynaqdan gələn məlumatlardan başqa, bu məsələ ilə bağlı hər hansı bir insanın söyləyə biləcəyi söz doğru ola bilməz.
Kövsəri keçmiş kitablarında da bu ayənin hz. İsanın (ə.s) ikinci dəfə yer üzünə gəlməsinə dəlil olaraq istifadə edildiyini söyləyərkən Ömər Nasuhi Bilmənin təfsirində bu ayə belə açıqlanır:
Və qiyamətin yaxınlaşması üçün İsa Əleyhissalamın bir əlamət olduğunu və qiyamətin baş verəcəyinə şübhə edilməyəcəyini xəbər verir... İsa Əleyhissalamın yer üzünə enəcəyi də qiyamət şəriətindən sayılır. ..
Həm də bunu da bildirmək lazımdır ki, Quranda heç bir peyğəmbərin qiyamət üçün bir elm olmasından bəhs edilmir. Hz. Muhəmməd (s.ə.v), hz. İbrahim (ə.s), hz. Nuh (ə.s), hz. Musa (ə.s), hz. Süleyman (ə.s), hz. Yusuf (ə.s), hz. Davud (ə.s), hz. Yaqub (ə.s) və digər bir çox peyğəmbərin həyatı Quranda ətraflı izah edilir, ancaq heç biri üçün bu ifadə istifadə edilmir. Bu da hz. İsanın (ə.s) (Allah'ın təqdiri olaraq) digər peyğəmbərlərdən fərqli bir xüsusiyyətə sahib olduğuna işarə edir. Bu xüsusiyyət hz. İsanın (ə.s) Allah Qatına alındıqdan sonra yenidən yer üzünə göndərilməsidir. (Ən doğrusunu Allah bilir.)