ALLAH HZ. İSANI (Ə.S) ÖZ QATINA YÜKSƏLTMİŞDİR
Hz. İsanın (ə.s) ölməmiş və öldürülməmiş olduğunun vacib dəlillərindən biri də Rəbbimizin hz. İsanı (ə.s) Öz Qatına yüksəltdiyini bildirməsidir. Ayələrdə bu həqiqət belə xəbər verilir:
...Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm..... (Ali-İmran surəsi, 55)
... Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir. (Nisa surəsi, 158)
Allah hz. İsanı (ə.s) Öz Qatına yüksəldərək onu inkarçıların tələlərindən qorumuşdur. Ayələrdə "rafiukə" və "rəfəa" olaraq istifadə edilən sözün ərəb dilində mənşəyi "rəf" sözüdür. Rəf sözünün lüğətdəki mənası "yüksəlməkdir." İslam alimi Əşari "Ali-İmran" surəsinin 55-ci ayəsini "Nisa" surəsinin 158-ci ayəsi ilə birlikdə açıqlamış və bu mövzudakı düşüncələrini belə ifadə etmişdir: "Hz. İsanın (ə.s) diri olaraq səmaya rəf edildiyi (yüksəldildiyi) icma-i ümmət tərəfindən yekdilliklə qəbul olunur." (Əşari, əl-İbanə an Usuli'd Diyanə, thk. və ta'l. Fövkiyyə Hüseyn Mahmud, Qahirə, 1986, II, s. 115) (icma-i ümmət: eyni əsrdə yaşamış İslam alimlərindən müctəhid olanların bir məsələ haqqında verilən hökm üçün birləşmələridir.)
İslam alimlərinin böyük əksəriyyəti bu ayələri açıqlayarkən "hz. İsanın ölmədiyi, Allah Qatına yüksəldildiyi və bu yüksəlmənin ruhu və bədəni ilə birlikdə reallaşdığı" barəsində həmfikirdirlər. Bu alimlərdən bəzilərinin fikirləri belədir:
Həsən Bəsri Çantay təfsirində "rafiukə" sözünü "Öz Qatına yüksəldib qaldırmaq" kimi bildirmiş və "Allah hz. İsanı (ə.s) ruhu və bədəni ilə birlikdə yüksəldib qaldırmışdır" deyə öz düşüncəsini açıqlamışdır. (Həsən Bəsri Çantay, Quranı Hakim və Meali Kərim, Nəşr I, s. 92)
İbn Təymiyyənin izahı isə belədir: "Allah onu Öz Qatına yüksəltdi... ayəsi hz. İsanın (ə.s) ruhu və bədəni ilə yüksəldildiyini bildirir..." (İbn Təymiyyə, Məcnuu Fətava, IV, s. 323)
Zahid Kövsəri isə Quranda hz. İsanın Allah Qatına yüksəldilməsi mövzusunun etiraz edilməyəcək qədər açıq və dəqiq olduğunu ifadə edir. "Ali-İmran" surəsinin 55-ci ayəsini və "Nisa" surəsinin 157-158-ci ayələrini dəlil olaraq göstərən Kövsəri bu ayələrdə hz. İsanın (ə.s) rəfinin nass (Nass: Dəqiqlik, açıqlıq. Qurani-kərimdə və ya hədislərdə bir iş və ya mövzu haqqında olan açıqlıq və bu şəkildə açıq olan kəlam və ayə) hökmündə olduğunu söyləyir və mövzunu belə açıqlayır:
Çünki rəfin əsl mənası aşağıdan yuxarıya doğru aparmaqdır. Burada ayələri məcazi mənada açıqlamağa lazım olan xüsusü hal yoxdur. Buna görə də məqam və mövqe baxımından yüksəlmə kimi bir mənanı çıxarmağa ehtiyac da yoxdur. (Zahid Kövsəri, Nazratün Abirə, s. 93)
Quran ayələrindən və İslam alimlərinin izahlarından açıq şəkildə göründüyü kimi, hz. İsa (ə.s) diri olaraq, bədəni ilə birlikdə Allah Qatına yüksəldilmişdir. Bu Allah'ın bir möcüzəsidir və iman gətirənlərin böyük şövq və həyəcan duyacaqları bir möcüzədir. Hz. İsanın (ə.s) yalnız ruhunun Allah Qatına yüksəldiyi və ya bu yüksəldilmə ilə mənəvi (mövqe olaraq) yüksəlişi olduğu iddiaları isə həqiqətə uyğun deyil. Yuxarıda da bəzi nümunələr verildiyi kimi, bir çox İslam alimi bu iddiaların etibarsızlığını əsərlərində sübut ediblər.
Hz. İsanın (ə.s) diri olaraq Allah Qatına yüksəldildiyinin digər vacib dəlili isə "Nisa" surəsinin 158-ci ayəsində keçən ərəb dilindəki "bel" ədatıdır. Azərbaycan dilinə "əksinə" mənasında tərcümə edilən bu ədatın ərəb dilinin qrammatikasında mənası və istifadə edilən xüsusiyyətləri çox əhəmiyyətli bir həqiqətə diqqət çəkir. Buna görə də "bel" ədatı mənfi hadisəni ifadə edən bir cümlədən sonra gəlirsə, ərəb dilinin qrammatik qaydalarına görə özündən sonra gələn cümlə, bir əvvəlki cümlənin tam əksi olmalıdır. Bu vəziyyətdə hz. İsa (ə.s) ilə bağlı ayədə də, "... Onu öldürmədilər, əksinə (bel) Allah onu Özünə yüksəltdi..." ifadəsində bəlkə də ölümün tam əksi olan yaşamağa işarə edilir . (Ən doğrusunu Allah bilir.) Son dövr İslam alimlərindən Şeyxülislam Mustafa Səbri Əfəndi də bu mövzunu belə izah etmişdir:
"Nisa" surəsinin 158-ci ayəsindəki əksinə kimi tərcümə etdiyimiz "bel" ədatı mənfi hadisəni ifadə edən bir cümlədən sonra gəlirsə, ərəb dilinin qrammatik qaydasına görə özündən sonrakı cümlə, əvvəlki cümlənin tamamilə əksi olmalıdır. Ölümün əksi yaşamaqdır. Qrammatika qaydaları bunu tələb edir. Əgər biz "burada rəf məcazi mənadadır" və "hz. İsa (ə.s) vəfat etmişdir" desək, bu qaydaya zidd olar. Çünki belə olduqda "bel" ədatından sonra gələn rəf, ədatdan əvvəl gələn, eyni zamanda mənfi hadisəni ifadə edən cümlə öldürmə və asma hərəkətlərinin əksi olmaz. Bu halda, bir şəxs həm öldürülmüş, həm də ruhu göyə yüksəlmiş ola bilər. Əks halda bu tamamilə mənasız olar. Qurani-kərim belə mənasız ifadələrdən münəzzəhdir... Rəfin tək ruhla bağlı olduğunu müdafiə edənlərin izahlarına görə ayənin açıqlaması belədir: "Onu öldürmədilər və asmadılar... əksinə Allah onun dərəcəsini yüksəltdi." Burada nəinki icaz (köklü söz), həm də orta dərəcəli bir bəlağat (gözəl söz söyləmə sənəti) də yoxdur... "Mənzilin lifti məni hər gün yaşadığım dördüncü mərtəbəyə çıxarır" deyildikdə heç bir ağıllı insan bu sözdən məni yalnız ruh olaraq dördüncü mərtəbəyə çıxarır şəklində bir məna çıxarmaz. Hz. İsa (ə.s) da yalnız ruh olaraq yüksəldilməmişdir. (Mustafa Səbri, Mevkıfu'l Akl, s. 233)
Səid Ramazan əl-Butinin "İslam Əqaidi" adlı əsərində isə eyni mövzu belə açıqlanmışdır:
Ayənin əvvəlki hissəsi ilə sonrakı hissələri arasındakı uyğunluq bir həqiqəti ortaya qoyur. Məsələn, bir ərəbin "Mən ac deyiləm, əksinə dincəlirəm." deməsi doğru bir cümlə deyil. Eyni şəkildə, "Xalid ölmədi, əksinə o yaxşı bir adamdır" cümləsi də quruluşuna görə düz deyil. Düzgün olan "Xalid ölmədi, əksinə yaşayır" formasındadır. "Başçı öldürülmədi, o Allah Qatında dərəcəsi üstün olan bir adamdır" cümləsi düzgün deyil. Çünki onun Allah Qatında yüksək dərəcə sahibi olması öldürülməsinə maneə deyil. "Bel" ədatı əvvəlki sözlə sonrakı söz arasında ziddiyyət yaradır. Yəni "bel" özündən əvvəl olan bir hökmü ləğv edir. (M. Səid Ramazan əl-Buti, Yaradıcının Varlığı və Yaradılanın Vəzifəsi İslam Əqaidi, Mavde Nəşrləri, İstanbul, 1996, s. 338)
Açıq-aydın göründüyü kimi, üstün güc və qüdrət sahibi olan Allah hz. İsaya (ə.s) qurulan tələni onu diri olaraq Öz Qatına yüksəldərək pozmuşdur. Bütün bu dəlillər bir daha göstərir ki, hz. İsa (ə.s) Allah Qatında diridir və Rəbbimizin təqdir etdiyi vaxtda yenidən yer üzünə gələcəkdir. (Ən doğrusunu Allah bilir.)