Bəzi yəhudilərin və romalı bütpərəstlərin hz. İsanı (ə.s) öldürmək üçün qurduqları plan digər dövrlərdə inkarçıların bir çox peyğəmbərə qarşı qurduqları tələlərdən biridir. Allah Quranda inkarçıların nə vaxt özlərinə bir peyğəmbər gəlsə və onları həqiqi din əxlaqını yaşamağa dəvət etsə, mütləq ona qarşı müxtəlif tələlər qurduqlarını və hətta onu öldürmək istədiklərini xəbər vermişdir.
Biz Musaya Kitab verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla (Cəbrail ilə) qüvvətləndirdik. Məgər hər dəfə sizə (göndərilən) elçi ürəyinizə yatmayan bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? (Onların) bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi? (Bəqərə surəsi, 87)

Hz. İbrahimi (ə.s) oda atanlar, orduları ilə birlikdə hz. Musanı (ə.s) təqib edənlər, sevimli peyğəmbərimiz hz. Muhəmmədi (s.ə.v) gecə vaxtı öldürməyə cəhd edənlər, hz. Yusufu (ə.s) quyuya atanlar, yalnız "Rəbbimiz Allah'dır" dedikləri üçün möminləri yaşadıqları yerlərdən çıxaranlar fərqli dövrlərdə yaşamış eyni düşüncədə olan insanlardır. Hamısı Allah'a və elçilərinə baş qaldırmış, Allah'ın əmr etdiyi din əxlaqına qarşı gəlmiş, axirətdə etdiklərinin hesabını verəcəklərini göz ardı etmişdilər. Peyğəmbərlərin onlara Allah'ın qulu olduqlarını xatırlatmalarına, onları fədakar olmağa, sədəqə verməyə, Allah rizası üçün yaxşılıq etməyə, ədalətli və təvazökar olmağa dəvət etmələri onları qəzəbləndirmiş və Allah Qatında seçmə və təmiz olan elçilər əleyhinə tələlər qurmalarına səbəb olmuşdur. İnkarçıların bu zehniyyəti bir Quran ayəsində belə bildirilir:
... Hər dəfə bir elçi onlara könüllərinə yatmayan bir şey gətirəndə o (elçilərin) bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər. (Maidə surəsi, 70)
Eyni şəkildə məkkəli müşriklərin də hz. Muhəmmədi (s.ə.v) yurdundan çıxarmaq və öldürmək üçün tələlər qurduqları Quranda bildirilmişdir. İnkarçılar bu tələni qurarkən Rəbbimiz də onlara bir tələ qurduğunu xəbər vermişdir. Şübhəsiz ki, tələ quranların ən üstünü uca Allah'dır.
Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya (yurdundan) qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır. (Ənfal surəsi, 30)
Əvvəl də bildirdiyimiz kimi, inkarçılar hz. İsanı (ə.s) da öldürməyə çalışmışdılar. Guya çox böyük plan hazırlamış və hz. İsanı (ə.s) öldürəcəklərini düşünmüşdülər. Tarixi və islami qaynaqlarda olan məlumatlara görə, bəzi müşrik yəhudilər romalıları hz. İsaya (ə.s) qarşı çıxara bilmək üçün onun haqqında bir çox yalan uydurmuş və böhtan atmışdılar. Onlar romalıların hz. İsanı (ə.s) öldürməsini nəzərdə tutmuşdular. Yəhudilərdən bəzilərinin hz. İsaya (ə.s) qarşı tələ qurduqları Quranda belə bildirilmişdir:
İsa onlardakı küfrü hiss etdikdə dedi: "Allah yolunda kimlər mənə yardımçı olacaq?" Həvarilər dedilər: "Bizik Allah'ın (dininin) yardımçıları! Biz Allah'a iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq! Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və (göndərdiyin) elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz! "Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır. (Ali-İmran surəsi, 52-54)
Allah onların tələlərini heç gözləmədikləri halda tərsinə çevirmişdir. Hz. İsanı (ə.s) öldürə bilməmiş, ancaq buna bənzər bir hadisə olmuşdur. Rəbbimiz bu seçilmiş qulunu inkarçıların tələlərindən qorumuşdur. "Nisa" surəsinin 157-158-ci ayələrində bu həqiqət belə bildirilmişdir:
Bir də: "Həqiqətən, biz Allah'ın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!" – dediklərinə görə (lənətə düçar edildilər.) Halbuki, onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. (Nisa surəsi, 157)
Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir. (Nisa surəsi, 158)
Quranın digər ayələrində də xəbər verildiyi kimi, hz. İsa (ə.s) ölməmişdir və Allah Qatında diridir. Allah'ın Quranda hz. İsaya (ə.s) qurulan tələlərin pozulduğunu bildirməsi də hz. İsanın (ə.s) Allah Qatında diri olduğunun vacib dəlillərindən biridir. Əgər hz. İsa (ə.s) bəzi insanların iddia etdiyi kimi ölsəydi ( bu doğru deyil), bu halda inkarçıların qurduqları tələlər baş tutardı. Çünki bu tələnin əsas hədəfi hz. İsanın (ə.s) öldürülməsidir. Ancaq Allah hz. İsaya (ə.s) qurulacaq bu tələni pozacağını bildirmiş və
"... Allah, kafirlərə möminləri (məğlub etməyə) yol verməyəcəkdir." (Nisa surəsi, 141) ayəsinin bir təcəllisi olaraq inkarçıların hz. İsanı (ə.s) öldürmələrinə icazə verməmişdir. Quranın bir çox ayəsində inkarçıların tələlərinin heç bir şəkildə məqsədinə çatmayacağı, bu tələlərin yox edilməsinin Allah'ın sünnəsi olduğu xəbər verilmişdir. Bu ayələrdən bəziləri belədir:
(Zalımlar) öz hiylələrini qururdular. Halbuki, onların hiyləsi Allah'a bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir. (İbrahim surəsi, 46)
… Bax belə! Həqiqətən də, Allah kafirlərin hiyləsini zəiflədər. (Ənfal surəsi, 18)
Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar. (Tur surəsi, 42)
Şübhəsiz ki, Allah iman gətirənləri mühafizə edir. Həqiqətən, Allah heç bir nankor xaini sevmir. (Həcc surəsi, 38)
Həqiqətən, (kafirlər) hiylə qururlar. Mən də hiylə qururam. Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver. (Tariq surəsi, 15-17)
Onlardan öncəkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi. (Nəhl surəsi, 26)