GİRİŞ

Tarix boyu insanları doğru yola yönəltmək və etdiyi səhv hərəkətləri onlara xəbər vermək üçün Allah peyğəmbərlər göndərmişdir. Hər peyğəmbər göndərildiyi cəmiyyəti hidayət yoluna çəkməyə çalışmış, Rəbbimizdən aldığı vəhyi öz cəmiyyətinə bildirmişdir. Hər dinin hökmlərində, ibadətlərində və tətbiqlərində bəzi fərqli vəziyyətlər olsa da, bütün peyğəmbərlərin təbliğlərinin əsası eyni tovhid inancına əsaslanır. Tovhid inancı Allah’a bir və tək ilah olaraq iman gətirmək deməkdir. Tovhid inancına sahib olan bir insan, tək güc və qüdrət sahibinin aləmlərin Rəbbi olan Allah olduğunu bilir. Bütün insanların Allah’a möhtac, aciz qullar olduğunun, bütün varlıqların Allah’a boyun əydiyinin fərqindədir. Başqa sözlə desək, İslam dinindən başqa iki böyük haqq din olan yəhudilik və xristianlıq, dəyişilməmiş halları ilə Allah’a heç bir varlığı ortaq qoşmayan təməl üzərində qurulmuşdur.

Allah’ın varlığına və birliyinə inanan hər üç ilahi dinin mənsubları da əslində Rəbbimizin hz. İbrahimə (ə.s) nazil etdiyi haqq dini qəbul edirlər. Quranda hz. İbrahimin (ə.s) dininin "hənif" bir din olduğu bildirilmiş və Peyğəmbərimizə (s.ə.v) bu dini qəbul etməsi əmr edilmişdir:

Sonra sənə vəhy etdik: “Hənif İbrahim dininə tabe ol. O, müşriklərdən deyildi”. (Nəhl surəsi, 123)

Hənif sözü yalnız Allah’a inanıb, yalnız Ona qulluq edən insan mənasındadır. Hz. İbrahimin (ə.s) hənif olaraq vurğulanan xüsusiyyəti tək Allah’a iman gətirməsi və təslim olmasıdır. O bütpərəst qövmünün batil inanclarından uzaqlaşmış, yalnız Allah’a yönəlmiş muvahhid bir quldur. Qövmünü də bütpərəst inanclarını tərk etmələri, bütlərə ibadət etməmələri üçün xəbərdar etmişdir. (Ətraflı məlumat üçün Baxın. Hz. İbrahim və Hz. Lut, Harun Yəhya, Araşdırma Nəşriyyat, Fevral 2003)

Allah’ın hz. İbrahimə (ə.s) vəhy etdiyi haqq din, onun nəslinin digər saleh davamçıları olan möminlər tərəfindən müdafiə olunmuşdur:

Səfeh olanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Biz onu dünyada (elçi) seçdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdən olacaqdır. Rəbbi ona: “Təslim ol!”– dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum!”– demişdi. İbrahim də, Yaqub da bunu oğullarına vəsiyyət etdilər: “Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!” Yoxsa siz Yaquba ölüm gəldikdə (onun) yanında idiniz? O zaman o, öz oğullarına dedi: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” Onlar dedilər: “Sənin İlahına, atalarının – İbrahimin, İsmailin və İshaqın İlahı olan Tək İlaha ibadət edəcəyik. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə surəsi, 130-133)

Göründüyü kimi, hz. İbrahimin (ə.s) hənif dini yəhudilər, xristianlar və müsəlmanlar arasında ortaq dindir. Yəhudilər hz. İbrahimi (ə.s) bütün yəhudilərin peyğəmbəri olaraq qəbul edir və hz. İbrahimin (ə.s) yolunu davam etdirdiklərini söyləyirlər. Xristianlar da hz. İbrahimi özlərinin də peyğəmbəri olduğunu qəbul edirlər. Hz. İbrahimə (ə.s) iman, ona bəslənilən sevgi və hörmət yəhudilər və xristianlarda olduğu kimi, müsəlmanlar üçün də çox vacibdir. Rəbbimiz “Nisa” surəsində belə bildirir:

Yaxşı işlər görərək Allah’a təslim olan və hənif olaraq İbrahim dininin ardınca gedən şəxsdən din baxımından daha gözəl kim ola bilər? Allah İbrahimi sevimli dost tutmuşdur. (Nisa surəsi, 125)

Müsəlmanlar Rəbbimizin Quranda əmr etdiyi kimi, bütün peyğəmbərlərə endirilən kitablara, aralarında heç bir fərq qoymadan iman gətirirlər:

Deyin: “Biz Allah’a, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə surəsi, 136)

Ancaq unutmamalıyıq ki, Allah’a olan coşğulu imanı, dərin sevgisi, Rəbbimizin bütün əmrlərinə könüldən boyun əyməsi, itaəti və üstün əxlaqı ilə bütün inananlara nümunə olan hz. İbrahimə ən yaxın olanlar, heç şübhəsiz ki, onun əxlaqını mənimsəyənlər və tovhid inancını izləyənlərdir. Rəbbimiz Quranda belə buyurur:

Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər və iman gətirənlərdir. Allah möminlərin Himayədarıdır. (Ali-İmran surəsi, 68)

Buna görə də Allah’a könüldən iman gətirən xristianlar və yəhudilər də, hz. İbrahim (ə.s) və ona tabe olan saleh möminlər kimi, yalnız Allah’a yönəlməli, hz. İbrahimin (ə.s) göstərdiyi gözəl əxlaqı, səmimiyyəti və imani dərinliyi özlərinə nümunə götürməlidirlər. Onlar da hz. İbrahimin (ə.s) hənif dininə tabe olan muvahhidlər kimi, Allah’ın birliyinə iman gətirən və Ona heç bir şeyi ortaq qoşmayan səmimi qullar olmalıdırlar. Lakin indiki dövrdə üçləmə inancına görə xristianlıq bu təriflərdən uzaqlaşmışdır. Hz. İsanın (ə.s) Allah Qatına alınmasından sonra, tovhid inancı dəyişdirilmiş və üçləmə inancı kimi fərqli bir inanc yaradılmışdır.