Üçləmə inancının əsas məntiqi hz. İsanın (ə.s) "Allah'ın oğlu" olduğu iddiasıdır. Allah'ın isimləri onların bu iddialarını tamamilə etibarsız edir. Aləmlərin Rəbbi olan Allah insanların cahilcə ortaya atdıqları bu kimi bənzətmələrdən çox uzaqdır. O, hər cür qüsur və əskiklikdən münəzzəhdir. Quran ayələrində bu həqiqət belə xəbər verilir:
Allah'a övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq "Ol!"– deyər, o da dərhal olar. (Məryəm surəsi, 35)
Onlar: "Allah (Özünə) övlad götürmüşdür!"– dedilər. O pakdır, müqəddəsdir! O, (heç nəyə) möhtac deyildir. Göylərdə və yerdə nə varsa, Onundur. Buna aid sizdə heç bir dəlil yoxdur. Niyə Allah'a qarşı bilmədiklərinizi söyləyirsiniz? (Yunus surəsi, 68)

Rəbbimizin nəyisə yaratması üçün ona "Ol" deməsi kifayətdir. Göylərdə və yerdə nə varsa hamısı Onundur. Bütün varlıqlar Onun mülkü, Onun yaratdıqlarıdır. Hər şey Onun əmrinə boyun əymişdir, Onun sonsuz güc və qüdrətinə təslim olmuşdur:
…Halbuki, göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar.… (Ali-İmran surəsi, 83)
Allah bütün səbəblərdən münəzzəhdir, çünki meydana gələn bütün hadisələri və bu hadisələrin meydana gəlmə səbəblərini də yaradan Özüdür. Dünyadakı hər şey müəyyən səbəblərə bağlı olaraq baş verir. Anadan olma, böyümə, öyrənmə, ya da yaşlanma zaman, məkan kimi müəyyən səbəblərə bağlı olaraq reallaşır. İnsanlar zamandan və məkandan asılı olaraq yaşayırlar. Halbuki, Rəbbimiz zamandan və məkandan münəzzəhdir, zamanı da, məkanı da Özü yaratmışdır. Atalıq, oğulluq, övlad götürmə kimi insan həyatına məxsus olan vəziyyətləri də Rəbbimiz yaratmışdır. Bu səbəbdən "Allah övlad götürdü" (Allahı tənzih edirik.) deyənlər Rəbbimizin bənzərsiz isimlərini unudur və öz məhdud anlayışları ilə düşünürlər. Halbuki, bu söylədikləri Allah Qatında çox böyük yalandır. "Kəhf" surəsində belə bildirilir:
(Kitabı həm də:) "Allah Özünə övlad götürmüşdür!"– deyənləri qorxutmaq üçün nazil etdi. Bu haqda nə onların, nə də atalarının heç bir biliyi yoxdur. Ağızlarından çıxan söz necə də ağırdır. Onlar yalandan başqa bir şey danışmırlar. (Kəhf surəsi, 4-5)
Rəbbimiz başqa bir ayədə isə
"Allah övlad götürmək fikrində olsaydı, xəlq etdiklərindən hər hansı birini seçərdi. O, pakdır, müqəddəsdir. O, Tək olan, (hər şeyə) Qalib gələn Allah'dır." (Zumər surəsi, 4) şəklində buyurur. Bu ayə ilə sonsuz güc və qüdrət sahibi olan Rəbbimizin hər şeyi dilədiyi şəkildə yarada biləcəyi xəbər verilir. Allah'ın üçləmə inancını müdafiə edən və əsassız bənzətmələr edən insanlara verdiyi cavab, digər ayələrdə belə vurğulanır:
Onlar dedilər: "Allah (Özünə) övlad götürmüşdür!" Halbuki, O, pakdır, müqəddəsdir! Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir. Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: "Ol!"– deyər, o da olar. (Bəqərə surəsi, 116-117)
(Kafirlər:) "Ər-Rəhman özünə övlad götürmüşdür!"– dedilər. Siz olduqca pis bir iş tutdunuz. Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun – ər-Rəhmana övlad isnad etdiklərinə görə. Ər-Rəhmana özünə övlad götürmək yaraşmaz. Göylərdə və yerdə olanların hamısı ər-Rəhmanın hüzuruna ancaq bir qul kimi gələcək. (Allah) onları hesablamış və bir-bir saymışdır. Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək. (Məryəm surəsi, 88-95)
Ayələrdə də ifadə edildiyi kimi, bu bənzətmə " pis bir işdir". Göylərdə və yerdə olan hər şeyin sahibi olan Rəbbimiz bu bənzətmələrdən uzaqdır. Üçləmə inancını müdafiə edənlər hz. İsanın (ə.s) Allah ilə eyni güclərə sahib olduğunu açıq-aydın iddia edirlər. Halbuki, Rəbbimiz Quranda bildirilən;
"... Səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir." (Furqan surəsi, 2) ayəsiylə bu iddiaların əsassız olduğunu açıqlamışdır. Çünki O, bütün kainatın mütləq hakimidir, heç bir şərikə, ya da köməkçiyə ehtiyacı yoxdur. "İsra" surəsində belə bildirilir:
De: "Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü (Özünə kömək edəcək) heç bir dosta möhtac olmayan Allah'a həmd olsun!" Onu tərifləyərək uca tut. (İsra surəsi, 111)
Allah peyğəmbərimiz hz. Muhəmmədə (s.ə.v), bu iddiada olan kəslərə belə söyləməsini vəhy etmişdir:
De: "Əgər Mərhəmətli (Allah'ın) övladı olsaydı, ona ilk ibadət edən mən olardım. (Zuxruf surəsi, 81)
Ayədə xəbər verilən bu cavab üçləmə inancını müdafiə edənlərin böyük bir yanılma içində olduqlarını göstərir. Yuxarıdakı ayənin davamında Allah belə bildirir:
Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi müqəddəsdir və onların Ona aid etdikləri sifətlərdən uzaqdır!" Onları burax, qoy vəd olunduqları günə qovuşanadək (batil işlərə) dalsınlar və (bir müddət) əylənsinlər. Göydə də məbud, yerdə də məbud (yalnız) Odur. O, Müdrikdir, Biləndir. (Zuxruf surəsi, 82-84)
Ayədən aydın olduğu kimi, Allah bu çirkin iddialarda olan kəslərin Allah'ın qədrini lazımi qədər təqdir etməkdən məhrum olmalarına diqqət çəkir. Onları, axirətin varlığından xəbərsiz qəflətə dalıb əylənən insanlar olaraq tanıtmışdır.