Əvvəlki bölmələrdə də bildirdiyimiz kimi, üçləmə inancında hz. İsa (ə.s) yaradılmamış, Allah'la bərabər gücə sahib olaraq təsvir edilir. (Allah'ı tənzih edirik) Halbuki, bu səhv düşüncə tərzi Rəbbimizin peyğəmbərlərə vəhy etdiyi tovhid inancına tamamilə ziddir. "Bəqərə" surəsində belə bildirilir:
Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)
Rəbbimiz tək haqq və hökm sahibidir. Bütün kainat, göylərdə və yerdə olan canlı - cansız hər şey; bütün insanlar, heyvanlar, bitkilər, əşyalar Allah'a aiddir. Onların hər birini yaradan aləmlərin Rəbbi olan Allah'dır. Hər şey Onun əmrindədir və O istədiyi müddətdə varlığını davam etdirə bilər. Bütün canlı varlıqları yaradan, onlara göydən və yerdən ruzi verən, yeri yaşıllaşdıran, gecəni yaradan, günəşi parlaq bir işıq edən, mövsümləri var edən Allah'dır. Dünya yaranandan bəri yaşayan bütün insanları yaradan da Allah'dır. Şübhəsiz ki, hər insan varlığını Allah'a borcludur və hər şeyi ilə Ona möhtacdır. İnsanların Ona iman gətirmələri üçün vəzifələndirdiyi peyğəmbərlər də Allah'ın yaratdığı qullardır. Bütün peyğəmbərlər Onun əmri ilə hərəkət edən mübarək insanlardır. Hz. İsa (ə.s) da eynilə bu elçilər kimi Allah'ın yaratdığı bir quldur.
O, bu dünyada və axirətdə şan-şöhrətli və (Allah'a) yaxınlaşdırılmışlardan olacaqdır. (Ali-İmran surəsi, 45) Belə ki, Allah hz. İsa (ə.s) üçün belə buyurur:
Nə (İsa) Məsih Allah'ın qulu olmağı özünə ar bilər, nə də (Allah'a) yaxın olan mələklər. (Allah) Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır. (Nisa surəsi, 172)

Ayədə də bildirildiyi kimi, hz. İsa (ə.s) Allah'a qulluq vəzifəsini yerinə yetirməkdən dərin həzz alan, Rəbbimizə təslim olmuş çox səmimi bir insandır. Onun guya ilahlıq iddiasında olması ilə bağlı bütün açıqlamaları sonradan uydurulmuşdur. Uca Rəbbimiz bütün varlıqlar üzərində mütləq hakimiyyətə sahibdir. Ondan başqa hər şey yaradılmaq və varlığını davam etdirə bilmək üçün Rəbbimizə möhtacdır.
Allah kainatı yoxluqdan yaratmışdır. Dünyadakı bütün canlılar anadan olur və ölürlər, hər şeyin bir ömrü, qədəri vardır. Kainatda yox olmayacaq heç bir əşya, ya da ölümsüz olan heç bir canlı mövcud deyil. Halbuki, Quranda bildirildiyi kimi,
Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. (Hədid surəsi, 3) Yəni başlanğıcı olmadığı kimi sonu da yoxdur. Allah, sonsuzluğun sahibi, zamandan və məkandan münəzzəh olandır. O, hər şeydən əvvəl də vardır, sonra da olacaq. Kainatın, canlıların, planetlərin, qalaktikaların və kainatın yaranmadığı, zamanın hələ mövcud olmadığı anda yalnız Allah vardı. Hər şey yox olduqdan sonra varlığını sonsuza qədər davam etdirəcək olan da Odur. Ömrü və zamanı yaradan Allah, maddəyə aid bütün xüsusiyyətlərdən münəzzəhdir.
Allah, bu anlayışları yaradan, insanların zamana və məkana tabe olaraq yaşamasını doğru hesab edəndir. İnsan heç vaxt bir gün sonra, hətta bir saat sonra nələr yaşayacağını bilə bilməz. O isə bir işə hökm verdiyi zaman bir gün sonra, illər sonra və qiyamətə qədər o işin nə ilə nəticələnəcəyini biləndir. Bu səbəbdən verdiyi hökm hər zaman ən doğru, ən yaxşı və ən hikmətli olandır. Kainatdakı bütün varlıqların bir sonu vardır. Bir insan anadan olur, yaşayır və dünyadakı məhdud ömrünün sonunda qaçınılmaz bir həqiqət olan ölümlə qarşılaşır. İnsanların ölümü kimi, bitkilər və heyvanlar aləminin yox olması da qaçınılmazdır. Onlar da doğulduqdan bir müddət sonra bir-bir ölürlər. Canlı olan hər şey həyatına son qoyub torpağın altına girəcək. Ancaq Rəbbimiz baqi olan, hər zaman mütləq varlığını davam etdirəcək olandır. Sonsuzluq yalnız Ona aiddir.
İnsan acizdir, yaşadığı müddətdə davamlı olaraq diqqətə və qulluğa möhtacdır. Həyatının böyük hissəsi özünə qulluqla, yeməyini və yuxusunu normaya salmaqla keçir. Canlı-cansız bütün kainatın yaradıcısı olan Allah isə Hayydır. Daim diridir, hər an hər şeyə hakimdir, hər şeyi bilir, hər şeyə gücü çatır, Onu yuxu və mürgüləmə tutmur, bütün acizliklərdən də münəzzəhdir. O, yaratdıqlarına müxtəlif acizliklər vermiş və bu əskiklikləri görüb yalnız Özünə yönələrək qulluq etmələrini, hər şeyi Özündən istəmələrini əmr etmişdir. İnsan Allah istəmədikcə heç bir şeyə gücünün çatmayacağını, tək bir saniyə belə həyatını davam etdirə bilməyəcəyini bilərək Rəbbimizə yönəlməlidir. Allah Özündən başqa heç bir ilah olmadığını Quran ayələrindəki hikmətli nümunələrlə bizlərə belə xəbər verir:
Göylərdə və yerdə kimlər varsa, (hamısı) Onundur. Onun yanında olanlar Ona ibadət etməyə təşəxxüs göstərmir və (bundan) yorulmurlar. Onlar gecə-gündüz, usanmadan (Onun) şəninə təriflər deyirlər. Yoxsa (müşriklər) özlərinə yerdə ölüləri diriltməyə qadir olan tanrılarmı qəbul etdilər? Əgər göydə və yerdə Allah'dan başqa tanrılar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və (müşriklərin) (Ona) aid etdikləri sifətlərdən uzaqdır! (Allah) gördüyü işlər üçün məsuliyyət daşımaz; onlar isə daşıyacaqlar. Məgər (müşriklər) Ondan başqa tanrılaramı tapınmışlar? De: "Sübutunuzu göstərin! Budur mənimlə olanların zikri və məndən öncəkilərin zikri". Lakin onların çoxu əsil həqiqəti bilmir və (ondan) üz çevirərlər. (Ənbiya surəsi, 19-24)
Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə yalançıdırlar! Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı heç bir ilah yoxdur. Əks təqdirdə hər ilah öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların (Ona) aid etdikləri sifətlərdən uzaqdır. O, Qeybi və aşkarı Biləndir. (Allah) (müşriklərin) Ona qoşduqları şəriklərdən çox ucadır. (Mu'minun surəsi, 90-92)
Hz. İsa (ə.s), Rəbbimizə Onun bütün bu isimləri ilə könüldən iman gətirən səmimi bir insandır. O Allah'ın sonsuz güc sahibi olduğuna iman gətirmiş, Ona heç bir şeyi şərik qoşmamışdır. Quranda hz. İsanın (ə.s) Allah'ın qulu olduğu belə bildirilir:
(Körpə) (dil) (açıb) dedi: "Həqiqətən də, mən Allah'ın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. (Məryəm surəsi, 30)
Başqa bir ayədə isə hz. İsanın (ə.s) ölümlü olduğu, hər insan kimi öldükdən sonra axirətdə yenidən dirildiləcəyi bildirilmişdir:
Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!" (Məryəm surəsi, 33)
Onu Allah yaratmış və insanlara tovhid inancını təbliğ etməsi üçün imkan yaratmışdır. Sonra ona tələ quranların hiyləgər planlarını boşa çıxararaq hz. İsanı (ə.s) Öz Qatına yüksəltmişdir. Hz. İsa (ə.s) Allah'ın özü üçün təyin etdiyi vaxt gəldikdə yenidən dünyaya gələcək və Allah'ın əmr etdiyi şəkildə elçilik vəzifəsini tamamlayacaq. Onun bütün qədərini, yaşadığı müddətdə qarşılaşdığı hər hadisəni yaradan, təyin edən və vaxtı çatanda bütün bunları reallaşdıran Allah'dır. Göstərdiyi bütün möcüzələri yaradan Allah'dır. Hz. İsa (ə.s) bunları özündən deyil, Allah'ın rəhməti ilə reallaşdırmışdır. Hz. İsa (ə.s), dünyada yaşadığı müddətdə Allah'a olan güclü imanı ilə insanları Allah'ın doğru yoluna çağırmışdır. "Məryəm" surəsində hz. İsanın (ə.s) insanları Allah'a iman gətirməyə çağırışı belə bildirilir:
(İsa dedi:) "Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Düz yol da budur". (Məryəm surəsi, 36)